Dünya 17:48 12.07.2022

İran sərhədçiləri ilə Taliban arasında yeni toqquşma baş verdi

İyulun 11-də axşam saatlarında Əfqanistanın Nimroz əyalətinin Konq şəhərinin sərhəd zolağında İran sərhədçiləri ilə Taliban arasında yenidən toqquşma baş verib.

Qaynarinfo bu barədə "Indipendent"in fars bölməsinə istinadən xəbər verir.

Talibanın Nimrozdakı "Kəşfiyyat və Mədəniyyət" İdarəsi bazar ertəsi axşam bir bildiriş yayımlayaraq, Əfqanıstan və İran sərhədində qarşıdurmanın baş verdiyini təsdiqləyib və bu insidentdə heç bir itki olmadığını açıqlayıb.

İran sərhədçiləri ilə Taliban arasında baş verən qarşıdurma barədə daha ətraflı məlumat yoxdur.

Bununla belə, bəzi internet istifadəçiləri Konq sərhəd bölgəsində baş verən toqquşmaların hər iki tərəfin yüngül və ağır silahlardan istifadə etdiyini əks etdirən videoları yayımlayıb.

Təsdiqlənməmiş xəbərlərə görə, bu toqquşmalar bu gün (12 iyul) də arabir davam edib.

Bu, Talibanın Əfqanıstanda hakimiyyətə gəlməsindən sonra 11 ay ərzində Talibanla İran sərhədçiləri arasında üçüncü münaqişədir.

Aydın