Rusiya İrana Su-35 qırıcılarının böyük partiyasını tədarük etməyib, rəsmi Tehran onların dəyərini tam ödəyib və 2023-cü ildə alacağını gözləyir.
Qaynarinfo xəbər verir ki, bu barədə Bourse & Bazaar məsələ ilə bağlı məlumatlı mənbələrə istinadən
yazır.
Mənbələrin sözlərinə görə, Tehran Həsən Ruhaninin 2021-ci ildə başa çatan ikinci prezidentlik dövründə Moskvadan 50 qırıcı təyyarə sifariş edib. Rusiya müqaviləninin şərtlərini 2023-cü ildə icra edəcəyini söz verib. İndi isə heç bir İran rəsmisi Moskvanın sözünün üstündə duracağını gözləmir.
Moskvadan hərbi texnikanın alınması ilə bağlı problemlər İran Hərbi Hava Qüvvələrinin komandanı, briqada generalı Həmid Vahedinin açıqlamasından məlum olub. "Su-35 qırıcılarının Rusiyadan alınmasına gəlincə, onlara ehtiyacımız var, lakin onların eskadronumuza nə vaxt daxil olacağını bilmirik”, Vahedi dövlət televiziyasına müsahibəsində deyib.
Hələ 1979-cu il inqilabından əvvəl xidmətdə olan ABŞ təyyarələrindən ibarət olan hava qüvvələri donanmasını yeniləmək üçün Tehrana yeni döyüş təyyarələri lazımdır.
İranın xüsusi xidmət orqanının rəsmisi Vahedinin "razılaşdırılmamış müsahibəsi”nin tədarük məsələlərinə diqqət çəkməsindən məyus olduğunu bildirib. İran rəsmiləri Rusiyanın öhdəliklərini yerinə yetirməməsindən qəzəblidirlər, lakin onlar məsələni ictimai müzakirə üçün çox həssas hesab edirlər.
Su-35-lərin tədarükünü sürətləndirmək üçün keçən il İran Ukrayna şəhərlərinə zərbələr endirmək üçün Rusiyaya yüzlərlə pilotsuz uçuş aparatı tədarük etməyə razılaşıb.
Keçmiş diplomatlar biri bildirib ki, iranlı sərt xətt tərəfdarları "rusların onlardan silah almaq üçün növbəyə durduqlarına” görə özlərini Rusiya ilə bərabərhüquqlu tərəfdaşlar kimi görərək "tələyə düşüblər”. Onun sözlərinə görə, PUA-ların tədarükü İranın siyasi təcridinə töhfə verib və Qərb rəsmilərində müharibə şəraitində Moskva ilə Tehran arasında əməkdaşlığın dərinləşdiyi təəssüratını yaradır.
İranda hesab edirlər ki, Su-35 təyyarələrinin tədarükünün ləngiməsinin mümkün səbəblərindən biri İsrailin təsiridir. "Axios" bir neçə israilli deputata istinadən yazıb ki, iyun ayında İsrailin baş naziri Benyamin Netanyahu Rusiya hakimiyyətinə Moskvanın Tehranla artan hərbi əməkdaşlığından son dərəcə narahat olduğunu bildirib. Öz növbəsində, İsrail indiyədək Ukraynaya hücum silah sistemləri, eləcə də "Dəmir günbəz” müdafiə sistemi verməkdən imtina edib.
Qeyd edək ki, Strategiya və Texnologiyaların Təhlili Mərkəzinin məlumatlarına əsasən, 2022-ci ildə Rusiya Ukraynaya qarşı müharibədə 68 təyyarə itirib və yalnız 29 yeni təyyarə istifadəyə verə bilib. O cümlədən 7 yeni Su-35S istehsal edilib. Eyni zamanda, döyüşlər zamanı ən azı 30 yeni tip qırıcı - Su-30, Su-34 və Su-35 məhv edilib.
Nizami Bağırov