"İran və Avrasiya İttifaqı arasında olan əməkdaşlığı "əlimizdə olanlardan istifadə edək” prizması ilə qurulan tərəfdaşlıq adlandırmaq olar”.
Bu sözləri Qaynarinfo-ya iqtisadçı Eldəniz Əmirov Avrasiya İqtisadi İttifaqı ilə İran arasında 2023-cü ilin sonuna qədər imzalanması planlaşdırılan azad ticarət sazişini şərh edərkən deyib.
Eldəniz Əmirov bildirib ki, bu əməkdaşlığın nə region üçün, nə həmin ölkələrin özləri üçün xüsusi dividentləri olmayacaq:
"Avrasiya İqtisadi İttifaqı 9 il əvvəl Belarus, Qazaxıstan və Rusiyanın birgə imzaladığı müqavilə əsasında yaradılmış iqtisadi təşkilatdır. Yaradıldıqdan bir neçə ay sonra Ermənistan da bu təşkilata üzv oldu. Düşünürəm ki, bu iqtisadi təşkilatın heç bir prespektivi yoxdur. O ki, qaldı İranın bu təşkilata üzv olmasına, bu digər üzvlər, xüsusən də Ermənistan üçün müəyyən dividentlər yarada bilər, amma İran, o cümlədən Rusiya üçün hər hansı ciddi müsbət dəyişiklərə səbəb olacağını düşünmürəm”.
Ekspert vurğulayıb ki, bütün hallarda hazırki məqamda həm İran iqtisadiyyatı, həm də Qazaxıstan istisna olmaqla Avrasiya İqtisadi İttifaqına üzv olan digər ölkələrin vəziyyətləri o qədər də yaxşı deyil:
"Buna görə də iqtisadi vəziyyəti yaxşı olmayan tərəflərin bir-biri ilə birləşməsi, yaxud bir təşkilat altında birləşməsi hər hansı ciddi iqtisadi sıçrayışa yol aça bilməz”.
Qeyd edək ki, Belarus hökumətinin mətbuat xidmətinin yaydığı məlumata görə, Avrasiya İqtisadi İttifaqı ilə İran arasında azad ticarət sazişinin 2023-cü ilin sonuna qədər imzalanması planlaşdırılır. İranın Avrasiya İttifaqı ilə azad ticarət zonası yaradacağı ilə bağlı danışıqlar hələ 2017-ci ildən başlayıb.
2018-ci ildə Avrasiya İqtisadi İttifaqı və İran Astanada keçirilən iqtisadi forum zamanı azad ticarət zonası haqqında müvəqqəti saziş imzalanıb. Sazişə ilkin malların siyahısı daxil edilib. Sazişin əhatə dairəsi qarşılıqlı ticarətin həcminin 50 faizini təşkil edir. Avrasiya İttifaqı İttifaqı Şurasının İrəvanda keçirilən genişləndirilmiş iclasında İranın o vaxtkı prezidenti Həsən Ruhani də iştirak etmişdi.
Avrasiya İqtisadi İttifaqına üzv ölkələr Belarus, Ermənistan, Qazaxıstan, Qırğız Respublikası və Rusiya Federasiyasıdır.
Günay İlqarqızı