"Bu, sadəcə siyasi ritorikadan ibarət siyasi bəyanatdır. Rus rublu və İran rialı həddən artıq sürətlə məzənnə dəyişikliyinə səbəb olur".
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Rusiya və İranın qarşılıqlı hesablaşmalarda dollardan imtina və yerli valyutalarla ticarət aparmaq məsələsində razılığa gəlmələrini şərh edərkən deyib.
Ekspert bildirib ki, son 15 ildə dəfələrlə belə bəyanatların şahidi olmuşuq:
"Hətta Çinlə Rusiya 2014-cü ildə milli valyutaya keçməklə bağlı ilkin müqavilə bağladı. Sonradan adını dəyişərək, dollardan imtina edəcəklərini bildirdilər. Hazırda Rusiya ilə Çin arasında ticarət dövriyyəsi 200 milyard dollara çatıb. Bu fonda dolların həcmi azalıb, amma əvəzində funt sterlinq və avronun həcmi artıb. İranla Rusiya da eyni problemi yaşayacaq. Çünki iş adamlarına oynaq və konvertasiya olunmayan valyutalarla - İran rialı və rus rublu ilə müqavilə bağlamaq sərf etmir".
Natiq Cəfərlinin sözlərinə görə, rublun ən minimum həddi 1 dollara görə 57, maksimum həddi isə 105 rubl səviyyəsində olub:
"Aydındır ki, iş adamları məzənnə dəyişikliyindən uduzarsa, onun kompensasiyasını heç kim verməyəcək".
Qeyd edək ki, Rusiya və İran qarşılıqlı hesablaşmalarda dollardan imtina etmək və yerli valyutalarla ticarət aparmaq barədə razılığa gəliblər. Bu barədə İranın dövlət agentliyi İRNA yazır. Məlumatda deyilir ki İran Mərkəzi Bankının rəhbəri Məhəmməd Rza Fərzin və onun rusiyalı həmkarı ikitərəfli ticarətdə milli valyutaların istifadəsi ilə bağlı sazişi başa çatdırıblar. Fərzin əməliyyatları asanlaşdırmaq üçün BRICS-in imkanlarından istifadə etməyi təklif edib.
Rüfət Sultan