Dünya 13:10 15.06.2022

İran və Türkmənistan prezidentləri mətbuat önündə: Nələr danışdılar?

İran prezidenti İbrahim Rəisi və bu ölkədə səfərdə olan Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov arasında Saadabad sarayında görüş baş tutub. Daha sonra isə dövlət başçılarının iştirakı ilə mətbuat konfransı keçirilib.

Qaynarinfo bu barədə "Təsnim" agentliyinə istinadən xəbər verir.

İran prezidenti açıqlamasında bildirib ki, bu görüş iki ölkə arasında münasibətlərdə dönüş nöqtəsi ola bilər: "Şübhəsiz ki, Türkmənistan prezidentinin və onu müşayət edən dost, qardaş və qonşu ölkənin nümayəndə heyətinin səfəri iki ölkə arasında münasibətlərdə dönüş nöqtəsi ola bilər. Son bir neçə ayda Aşqabada səfərim iki ölkə arasında, xüsusən də qaz mübadiləsi, tranzit, nəqletmə sahəsində müəyyən əməkdaşlığı intensivləşdirə bildi və bu sahələrdə yaxşı addımlar atıldı. Xəzər dənizi ölkələri ilə əməkdaşlıq İran İslam Respublikasının xarici siyasətinin prioritetlərindən biridir, ona görə də biz Türkmənistanın ev sahibliyi edəcəyi Xəzəryanı dövlətlərin zirvə toplantısını alqışlayırıq". 

Sərdar Berdiməhəmmədov isə danışıqların uğurla başa çatdığını bildirib: "Nümayəndə heyətləri arasında aparılan danışıqlar uğurla başa çatıb və danışıqlar iki ölkə arasında şəffaflıq, etimad və qarşılıqlı hörmət şəraitində keçib. Energetika və nəqliyyat sektoru mühüm və strateji sektorlardan biridir və biz bu sahədə əlaqələrin daha fəal genişləndirilməsi üçün səylərimizi göstəririk. Bugünki danışıqlarda Xəzər regionunda münasibətlərə xüsusi diqqət yetirildi və mən Prezident cənab İbrahim Rəisini bu il Türkmənistanda keçiriləcək Xəzəryanı dövlətlərin altıncı sammitində iştirak etməyə hörmətlə dəvət etdim".

M.Arif