"Azərbaycanla İran arasında gərginlik sonsuzluğa kimi davam edə bilməz. Çünki bu, hər iki tərəf, özəlliklə İran üçün ziyandır. Bundan başqa, İranın strateji tərəfdaşı olan Rusiyanın maraqlarına gərginliyin uzun müddət saxlanılması sərf eləmir”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Sədrəddin Soltan İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyanın "Azərbaycan və Ermənistan – bizim yaxşı qonşularımızdır və biz onlardan biri ilə digərinə qarşı işləyə bilmərik.
Xarici siyasətimiz balanslıdır” fikirlərini şərh edərkən deyib. Onun sözlərinə görə, İran və Azərbaycan arasında bəzilərinin arzuladığı silahlı münaqişənin baş verməsi də hər iki tərəf üçün arzuedilən deyil:
"Həm də İranın Azərbaycanla silahlı münaqişəyə cəlb edilməsi Rusiyanın da maraqlarına ziddir. Bu, həm Rusiyanın, həm İranın prespektivdə Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması ilə nəticələnə bilər. Ona görə də Rusiya səfəri zamanı Hüseyn Əmir Abdullahiyan ilə Rusiya Xarici İşlər naziri Sergey Lavrov regiondakı vəziyyəti bir daha müzakirə edib və Azərbaycanla Ermənistana yönəli siyasətlərini, atacaqları addımları uyğunlaşdırıblar, daha doğrusu, uzlaşdırırlar. Rusiya bəynat verir və bundan sonra oxşar bəyanatla İran da çıxış edir. Düzdür, İran Azərbaycan və Ermənistana münasibətdə həmişə iddia edir ki, bu bizim xarici siyasətin balansıdır, daha doğrusu, hər iki tərəfə eyni şəkildə, eyni məsafədən, eyni münasibət göstərib. Amma bu balanslaşdırılmış siyasətdə həmişə nədənsə Ermənistan tərəfi ağır gəlib. Və gərginliyun yaranmasında da bu tarazlığın pozulmasıdır. Bu tarazlığı pozan isə həmişə İran olub. Deməli, İran hakimiyyəti özünün xarici siyasi kursunda balansa və mehriban qonşuluğa əməl etməyib. Ondan sonra ehtimal etmək olar ki, İranla Azərbaycan arasında gərginlik azalacaq və İran tərəfi münasibətlərin normallaşması istiqamətində addımlar atacaq. Ötən gün İran prezidenti İbrahim Rəisi də oxşar bəyanatla çıxış edib, deyib ki, "qonşuluq siyasəti həmişə İran üçün əsas olub, xoşniyyətli, mehriban əməkdaşlıq uğuruna bağlıdır, Qafqazda əməkdaşlıq etməyin potensialı olduğunu deyib. Bir sözlə, əməkdaşlıqla bağlı ismarıclar verib. Deməli, İran xarici siyasət kursunda, xüsusi ilə də Cənubi Qafqaza Azərbaycana yönəlik siyasi kursunda korrektlər etməyə başlayır. Bu, prespektivdə İranın xarici kursunda islahatın aparılmasına oxşayır”.
Sədrəddin Soltan hesab edir ki, hadisələrin gedişatına görə, Azərbaycan və Ermənistan arasında prespektivdə ikitərəfli görüşlər baş verə bilər. "Belə halda üçüncü tərəf - İran oyundan kənar vəziyyətdə qalır. İrana regiona münasibət məsələsində Azərbaycanla da münasibətləri normal saxlamağa ehtiyac var. İranın xarici işlər nazirinin ismarıcında əsas məsələ təkrarçılıqdır, onların verdiyi bəyanat da təkrardır, eləcə də birinin digərinə qarşı qoyulmaması məsələsi də təkrarçılıqdır. Əvvəllər də oxşar bəyanatla çıxış ediblər. Bir sözlə, İran həm də Azərbaycana yönəli siyasətində həm də əvvəlki varianta qayıdır. Bunların heç biri jest deyil, sadəcə olaraq İranın indiyə kimi yaratdığı gərginliyi azaltmq cəhdidir”.
Qeyd edək ki, İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan mehriban qonşuluq jesti olaraq Bakı və Yerevana səfər edə biləcəyini deyib: "Azərbaycan və Ermənistan – bizim yaxşı qonşularımızdır və biz onlardan biri ilə digərinə qarşı işləyə bilmərik. Xarici siyasətimiz balanslıdır”.
Bahar Rüstəmli