İranın Xuzistan, İsfahan, Fars, Tehran, Kirmanşah, Gilan, Mazandaran, Sistan və Bəlucistan, Mərkəzi, Xorasan Rəzəvi və Yəzd əyalətlərində müxtəlif sektorlarda çalışan işçilər tətil edib.
Qaynarinfo İran mənbələrinə istinadən xəbər verir ki, Xuzistan əyalətində tətilə çıxanlar əsasən neft-qaz sənayesində çalışan işçilərdir.
Bundan başqa, İran İşçilərinin Azad Həmkarlar İttifaqı neft-kimya sənayesində çalışan podratçı şirkətlərin siyahısını dərc edərək, bu şirkətlərdə çalışanların da mayın 1-dən tətilə başlayacağını elan edib. Həmin şirkətlərin sayı 60-dan çoxdur. Bu isə daha minlərlə işçinin tətilə başlayacağı deməkdir.
Etirazlar ölkədə infinflyasiyanın astronik surətdə yüksəlməsinə və bununla da sosial-iqtisadi vəziyyətin daha ağırlaşmasına qarşıdır. İşçilər yüksək inflyasiya şəraitində aldıqları məvaciblə dolana bilmədiklərini bildirir və əmək haqlarının 70 faiz artırılmasını tələb edirlər. İşçilərin başqa tələbi isə neft-qaz sənayesinin istismar sahələrində iş günün 20, istirahət günün isə 10 gün olmasıdır.
Məlumatlarda bildirilir ki, İranda müəllim və həkimlərin həmkarlar ittifaqı da tətilə hazırlaşır. Həmçinin şəkər qamışı istehsal edən "Haftepe” şirkətinin işçiləri də tətilə çıxıblar.
Bildirilir ki, işçilərin etirazından əlavə təqüdçülər də aksiya keçirib. Əhvaz, İsfahan, Kirmanşah, Babol, Ərak, Tehran və Rəşt şəhərlərində bir qrup təqaüdçü iqamətgahın qarşısında etiraz aksiyası təşkil edib.
Şirazda isə tibb bacıları əmək haqqının azlığına etiraz olaraq aksiyaya başlayıb. Bundan başqa, Zahedan şəhərində Əli İbn Əbi Talib adına xəstəxananın qarşısında da aksiya keçirilib. Etirazçılar əsasən tibb universitetinin tələbələri olub.
Beləliklə, hazırda İranda ölkəboyu sosial tələblərlə müxtəlif formalarda etiraz aksiyaları keçirilir. Müşahidələr göstərir ki, hökumət bu etirazların qarşısını almaq iqtidarında deyil.
Seyid