İranın müxtəlif KİV-ləri Xuzistan və Mubarakeh İsfahan polad şirkətlərinin "kiberhücuma” məruz qaldığını bildiriblər.
Qaynarinfo bu barədə BBC-nin fars bölməsinə istinadən xəbər
verir.
Xuzistan polad şirkəti İran Radio və Televiziyasına bağlı "Cəmjam” qəzetinin dərc etdiyi elanda bu sənaye kompleksinə kiberhücumları təsdiqləyib.
"Xuzistan polad” şirkətinin açıqlamasında "Müvafiq ekspertlərin qiymətləndirməsinə əsasən, "Xuzistan polad şirkəti” kiberhücum nəticəsində yaranan texniki problemlər və elektrik enerjisinin kəsilməsi səbəbindən fəaliyyətini davam etdirə bilməyəcək və növbəti xəbərdarlığa qədər bağlı qalacağı”, - deyə qeyd edilib.
Qeyd edilir ki, ötən aylar ərzində İranda müxtəlif infrastrukturlara çoxsaylı kiberhücumlar olub. Bunlardan ən sonuncusu Tehran bələdiyyə kompleksinə kiberhücumdur.
Bundan bir neçə ay əvvəl isə İran gömrük sistemi, bəzi İran hava limanlarının uçuş sistemi və ölkə daxilindəki yanacaqdoldurma məntəqələri hədəfə alınıb.
Həmçinin, təxminən 8 ay əvvəl Tehrandakı Evin həbsxanasının müşahidə kameraları "Ədalət Əli" haker qrupu tərəfindən hak edilib və məhbuslarla pis rəftar, döyülmə görüntüləri sızdırılıb. Bu isə İslam Respublikasının məhkəmə sistemində böyük qalmaqala səbəb olub.
Aydın