Xəbər lenti

İranda azərbaycanlılara fəallara hökm oxunub
Dünya06:28 25.07.2013

İranda azərbaycanlılara fəallara hökm oxunub

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Onlar Xalidə Xalidlə birgə həbs edilmişdilər

AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi, Şəhriyarşünas, araşdırmaçı-alim Xalidə Xalidlə birgə və sonra həbs edilmiş azərbaycanlı fəallara hökm oxunub. “Oyannews”un verdiyi məlumatına görə, iyulun 15-də Təbriz İnqilab Məhkəməsinin üçüncü şöbəsində keçirilmiş məhkəmənin qərarı onlara iyulun 24-də açıqlanıb.

Hökmə əsasən, 2 azərbaycanlı fəal – İlqar Müəzzinzadə və Məhəmməd (Oxtay) Rəşidi ümumilikdə 31 ay azadlıqdan məhrum ediliblər. İ. Müəzzinzadəyə bir yerə toplaşmaqla milli təhlükəsizliyə xələl vurmağa cəhd göstərmək ittihamına görə 2 il, hakimiyyət əleyhinə təbliğat aparmaq ittihamına görə isə 91 gün həbs cəzası verilib. Məhəmməd Rəşidi isə eyni ittihamlara əsasən 91 gün və 1 ay həbs cəzasına məhkum edilib.

Digər azərbaycanlı fəallar – aşıq İsa Qaraxanlu və Əmir Hadiyan isə bütün ittihamlar üzrə bəraət alıblar. Təbriz İnqilab Məhkəməsi azərbaycanlı fəalları X. Xalidlə əlaqə qurduqlarına, Azərbaycan türkcəsində kitab yaydıqlarına və İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) təqdimatına görə bu şəkildə cəzalandırıb. Hökm oxunan soydaşlarımızın 20 gün ərzində qərardan apellyasiya şikayəti vermək hüququ var.

Qeyd edək ki, M. Rəşidi, X. Xalid, sürücüsü Şamxal Hüseynov aşıq İ. Qaraxanlu, Təbriz Azad Universitetinin tələbəsi Ə. Hadiyan və Fərhadi soyadlı şəxs aprelin 30-da gecə saatlarında ETTELAAT əməkdaşları tərəfindən saxlanılıblar. Onlar azərbaycanlı fəalın ata evində M. Rəşidinin anasının doğum günü və İranda Analar Günü münasibətilə toplaşıblar.

ETTELAAT əməkdaşları evə basqın edib, azərbaycanlı fəala məxsus kitabları, kompüteri və bir sıra şəxsi əşyaları müsadirə edib, onların özlərini isə naməlum istiqamətə aparıblar.

Mayın 6-da həmin mərasimin iştirakçılarından olan 3 azərbaycanlı fəal mülk girovu qoymaqla azadlığa buraxılıb. Bunlar aşıq İ. Qaraxanlı, Ə. Hadiyan və Fərhadi soyadlı şəxsdir.

Azərbaycan vətəndaşları X. Xalid və Ş. Hüseynov isə iyunun 6-da həbsdən buraxılaraq vətənə dönüblər.


Qaynar.info