İranın Fars əyalətinin Larestan şəhərində iki İslam İnqilabı Keşikçiləri Korpusunun Bəsic Müqavimət Qüvvəsinin iki əməkdaşı öldürülüb.
Qaynarinfo xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bağlı "Fars” agentliyi məlumat yayıb.
Məlumatda deyilir ki, öldürülənlər mayor Nurəddin Cəllo və Əhmədrza İrfanidir. İddiaya görə, onları öldürənlər divarlara şüar yazan iki etirazçı olub.
Agentlik daha sonra məlumat yayıb ki, həmin etirazçılar Bəsic qüvvələri tərəfindən öldürülüb.
Bu arada "Aftab News” xəbər saytı "İran” dövlət qəzetinə istinadən xəbər verir ki, ölkənin polis komandanlığının müavini Qasim Rezai Bəsic və polis qüvvələrinin 24 əməkdaşının öldürüldüyünü iddia edib. Onun sözlərinə görə, 2000 polis isə etirazlar zamanı yaralanıb.
İranın nəzarətdən kənar media orqanları isə hökumət qüvvələrinin etirazları amansızlıqla yatırmağa çalışdığını, bu məqsədlə dinc insanlara atəş açılıdğını yazır.
İran İnsan Haqları Təşkilatı etirazlarda 201 nəfərin öldürüldüyünü təsdiqləyib. "Amnesty İnternational" təşkilatı isə 28 sentyabr-11 oktyabr tarixləri arasında ən azı 23 uşağın öldürüldüyünü bəyan edib.
Bundan əvvəl İranın Zəncan şəhərində kütləvi etirazlar zamanı Bəsic Müqavimət Qüvvəsinin əməkdaşı Qulamrza Bamdadi öldürülmüşdü.
Tehranda isə Salman Əmirəhmədi adlı "Bəsic" üzvü qətlə yetirlmişdi.
Həmçinin Kürdüstan əyalətinin Sənəndəc şəhər polis idarəsi rəisinin müavini Rəsul Bərzuyi və Tehran şəhərinin 9-cu bölməsinin 209-cu Bəsic bölməsinin komandiri Əlirza Həbibzadeqanın da etirazlar zamanı öldürüldüyü bildirilir.
Bəsic Müqavimət Qüvvəsi 1979-cu ildə Ayətullah Xomeyni tərəfindən yaradılıb. Bəsic İslam İnqilabi Keşişçiləri Korpusunun tabeliyində olan yarımhərbi təşkilatdır. Əmrləri birbaşa Ali dini rəhbərdən alır.
İranda 22 yaşlı Məhsa Əminin ölümünə etiraz olaraq başlanan və hələ də davam aksiyaların qarşısını almaq üçün zorakı və qəddar üsullara əl atanlar əsasən Bəsicin əməkdaşlarıdır.
Seyid