İranda hicab qanununu pozduğuna görə polis bölməsinə aparılan və orada ölən 22 yaşlı Məhsa Əminin qəbrinin açılmasına cəhd edilib.
Qaynarinfo İran mənbələrinə istinadən xəbər verir ki, bununla bağlı Saqqız şəhərində etiraz aksiyası keçirilib.
Aksiya iştirakçıları Məhsa Əminin məzarının ətrafında söküntü işlərindən şübhələniblər. Onlar bunu mərhumun məzarının açılması, yaxud dağıdılması ilə bağlı planın tərkib hissəsi kimi qiymətləndiriblər. Bu baxımdan aksiyalara başlayıblar.
Məhsa Əmin Saqqız şəhərində anadan olub. O, elə doğulduğu şəhərin məzarlığında dəfn edilib.
İran mənbələri bildirir ki, bu olay Məhsa Əminin ölümü ilə bağlı aksiyaları yenidən alovlandıra bilər.
Onsuz da Məhsa Əminin ölümündən sonra başlayan aksiyalar hazırda lokal səviyyədə də olsa, davam edir. İnsanlar ən müxtəlif üsullarla bu olaya etirtazlarını bildirir.
Onun qəbrinin açılmasına cəhd isə narazıları daha da hiddətləndirə və İranı yenidən kütləvi aksiyalar bürüyə bilər.
İran rəsmiləri hələ ki, Məhsa Əminin məzarı ətrafındakı söküntü işlərinin nə ilə əlaqdar olduğuna dair açıqlama verməyiblər.
Seyid