Xəbər lenti

İranda prezident seçkisi - azərbaycanlılar kimə səs verəcək? (ŞƏRH)
Dünya 17:00 25.06.2024

İranda prezident seçkisi - azərbaycanlılar kimə səs verəcək? (ŞƏRH)

"İndiki halda həm Cəlili, həm də Pezeşkianın şanslarını bərabər qiymətləndirirəm".
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Kənan Rövşənoğlu İranda iyunun 28-də olacaq prezident seçkilərində azərbaycanlı islahatçı namizəd Məsud Pezeşkianın şanslarını dəyərləndirərkən deyib.

Kənan Rövşənoğlu bildirib ki, seçki komissiyasının son iki günüdür:

"Rəy sorğularında daha əvvəldən də proqnozlaşdırıldığı kimi mühafizəkar Səid Cəlili və islahatçılar qanadının nümayəndəsi Məsud Pezeşkian irəlidədir. Hətta son sorğularda Pezeşkian öndədir. Amma bu çox ciddi fərq deyil. Bu səbəbdən də Pezeşkianın qalib olacağını demək çətindir. Çünki digər 5 namizəd mühafizəkar qanaddandır. Bundan əvvəlki seçkilərdə olduğu kimi, əgər mühafizəkar namizədlər geri çəkilib bir namizəd üzərində dayansalar o, zaman Pezeşkianın şansi azalacaq. Bu səbəbdən də indiki halda həm Cəlili, həm də Pezeşkianın şanslarını bərabər qiymətləndirirəm".
 


Ekspertə görə, mühafizəkar namizədlər bir namizəd üzərində birləşdiyi təqdirdə isə Pezeşkianın şansları azalacaq:

"Əgər seçkiyə bir gün qalmış məsələn Qalibaf namizədliyini Cəlilin xeyirinə geri çəksə, o zaman Cəlili qalib gələ bilər. Lakin indiki halda şanslar təxminən bərabərdir. Üstəlik, inzibati resurslar və dövlətin əsas dayağı olan ruhani kəsimin dəstəyi Cəlilinin xeyrinədir". 

Bununla belə, həmsöhbətimiz düşünür ki, aşağı kütlədə narazı elektoratın böyük səsi var və bu səslərin Pezeşkiana getməsi vəziyyəti dəyişə bilər: 

"Pezeşkian azərbaycanlıdır, Təbrizdə təhsi alıb, bu şəhərdə universitet rektoru işləyib, bir neçə çağırış deputat seçilib. Lakin nəzərə almaq lazımdır ki, azərbaycanlılar arasında mühafizəkar cinaha yaxın şəxslər də çoxdur. Ona görə də bütün azərbaycanlıların Pezeşkiana səs verəcəyini demək sadəlövhlük olardı. Ancaq əlbəttə, etnik amilə görə Pezeşkiana Azərbaycan əyalətlərindən çox səs gedəcək". 

Qeyd edək ki, iyunun 28-də İranda prezident seçkiləridir. Seçki 6 namizəd arasında keçiriləcək. Bunlar mühafizəkar qanadın nümayəndələri Səid  Cəlili, İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf, Əlitrza Zəkani, Mustafa Purməhəmmədi, Əmir Hüseyn Qazizadə Haşimi və azərbaycanlı islahatçı Məsud Pezeşkiandır. Bir çox analitiklər İranda yaşayan azərbaycanlıların çoxluğu və islahatçı kəsimin səsləri məhz Pezeşkiana verəcəklərini proqnozlaşdırırlar. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->