İranın Şəhid Behişti adına Tibb Universitetinin professoru, ölkənin tanınmış stomotoloqu Fatimə Məşhədi Abbas həbs edilib.
Qaynarinfo İran mənbələrinə istinadən xəbər verir ki, professor Evin həbsxanasında saxlanılır.
Fatimə Məşhədi Abbasın həbsi İranda fəaliyyət göstərən stomotoloqların hiddətinə səbəb olub. 500 nəfərdən artıq stomotoloq bəyanat yayaraq, professorun dərhal və qeyd-şərtsiz azad olunmasını tələb ediblər.
Fatimə Məşhədi Abbasın həmkarları bildirib ki, bir neçə gün professorun taleyindən xəbərsiz olublar. Sonradan məlum olub ki, o, təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək Evin həbsxanasına aparılıb.
"Doktor Fatimə Məşhədi Abbas akademik şəxsiyyətdir. O güclü, azad, sülh təfərdarı və zorakılığa qarşıdır. Ftimə Məşhədi Abbas azadlıq və tələbələrin hüquqlarının təmin olunması uğrunda hər zaman var qüvvəsi ilə çalışıb”, deyə stomotoloqların bəyanatında bildirilir.
Professorun həmkarları onun həbsini yanlış addım hesab edirlər. "Onun ən qısa zamanda və qeyd-şərtsiz azadlığa buraxılmasını tələb etmək bizim haqqımızdır və buna təkid edirik”, deyə professorun həmkarları qeyd edib.
Fatimə Məşhədi Abbasın hansı səbəblərdən həbs olunduğu bəlli deyil.
Qeyd edək ki, sentyabrın 16-dan başlayaraq İranda etiraz aksiyaları keçirilir. Buna səbəb 22 yaşlı Məhsa Əminin polis bölməsində ölməsidir. Məhsa Əmin sentyabrın 13-də əxlaq polisi tərəfindən saxlanılıb. 3 gün sonra isə bölmədə ölüb. İranlı fəallar hesab edir ki, Məhsa Əmin işgəncə nəticəsində dünyasını dəyişib.
Seyid