Dünya 09:30 28.05.2022

İrandakı etiraz aksiyalarının əsl səbəbləri nədir? - Ekspert

İranda etirazlar artıq qarşısıalınmaz məcraya yönəlib. Əgər etirazların ilk günlərində aksiyalarda səsləndirilən şüarlar sosial tələbləri ifadə edirdisə, artıq etirazçılar siyasi tələblər səsləndirməyə başlayıb. Hətta iş o yerə çatıb ki, aksiyalarda İranın Ali dini lideri Ayətullah Seyid Əli Xamneyiyə qarşı da sərt şüarlar dilə gətirlir. 

Hazırda Almaniyada mühacir həyatı yaşayan vəkil Nağı Mahmudi ölkədə baş verənləri Qaynarinfo-ya şərh edərkən bildirib ki, İran hakimiyyəti İslama istinad etsə də, əslində, despotik rejimdir və bu gün ölkədə baş verənlər heç də sosial narazılığın təzahürü deyil. 

"Doğrudur, aksilayalar sosial tələblərlə başlayıb. Amma məsələnin kökündə siyasi motiv də dayanır. İslam hökuməti adı altında diktatura rejimi yaradılıb. Azadlıq, ədalət, şəffaflıq yoxdur. 43 il bu despotik rejimə dözən xalq artıq dözmək istəmir”, deyə Mahmudi vurğulayıb. 
 


Mühacir vəkilin sözlərinə görə, Xamneyinin hədəf seçilməsi xalqın İslam hökumətinə mənfi münasibətinin ifadəsidir:

"İnsanlar artıq başa düşür ki, mövcud rejim idarəetmədə İslam dininin ehkamlarına istinad etsə də, əslində sırf korporativ maraqlar güdür ki, bunun əslində İslama dəxli yoxdur. Təsəvvür edin, İslam ölkəsində korrupsiya tuğyan edir, əhalinin əhəmiyyətli hissəsi yoxsulluq həddində yaşayır, amma dini liderlərin cah-cəlalı göz deşir”. 

Mahmudi hesab edir ki, aksiyalar davam edəcək:

"5 il əvvəl də İranda oxşar tələblərlə aksiyalar başlamışdı. Həmin aksiyaları qəddarlıqla yatırdılar. 2 il əvvəl xalq yenə ayağa qalxdı və yenə rejim zorakı üsullarla bunun qarşısını aldı. Beynəlxalq hesabatlarda həmin aksiyalarda 1500 insanın öldürüldüyü qeyd edilir. Bura işgəncədən ölənlər daxil deyil. Amma artıq xalq qorxmur. Xof dağılıb. İnsanlar deyir ki, düşmən ABŞ deyil, düşmən elə İranın rəhbərliyindədir. Açıq şəkildə hakimiyyətə yönəlik şüarlar səsləndirilir. Aksiyalara qatılanlar arasında yoxsul təbəqə çoxluq təşkil edir. Onların artıq itirməyə heç nəyi yoxdur. Digər tərəfdən, aksiyalar böyük şəhərlərlə yanaşı, kiçik əyalətlərdə keçirilir. Bu isə dalğanın yaxın zamanlarda bütün İranı əhatə edəcəyini deməyə əsas verir”.

Seyid