İran Türkiyəni Suriya ilə bağlı siyasətini tənzimləməyə çağırıb, çünki Ankara ilə Dəməşq arasında münasibətlərin bərpası regionun xeyrinə olacaq.
Qaynarinfo "Tasnim”ə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani deyib.
O qeyd edib ki, İran həm Ankara rəsmiləri ilə ikitərəfli görüşlər çərçivəsində, həm də Astana formatı çərçivəsində Suriya ilə bağlı Türkiyə ilə danışıqlar aparıb. "Türkiyə rəsmilərinin dedikləri təsəllivericidir. Ümid edirik ki, Türkiyə ilə Suriya arasında münasibətlərin bərpası həm öz maraqlarına, həm də regionun xeyrinə olacaq”.
Onun sözlərinə görə, Suriyadakı böhran bəzi ölkələrin məntiqsiz davranışlarının nəticəsi olub.
"Biz Suriyada yeni şəraitin formalaşdığını görürük, bu o deməkdir ki, Suriya hökuməti kritik vəziyyətdən çıxıb və terrorla mübarizədə böyük uğurlara imza atıb”.
Bu arada Türkiyənin xarici işlər naziri Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sentyabrda keçiriləcək sammitində prezident Rəcəb Tayyib Ərdoğanla suriyalı həmkarı Bəşər Əsədin görüşü barədə xəbərləri təkzib edib.
"Haber Global” xəbər kanalına danışan Çavuşoğlu 15-16 sentyabrda Səmərqənddə keçirilməsi planlaşdırılan sammitdə Ərdoğanla Əsədin görüşünü istisna edib və Əsədin tədbirə "dəvət olunmadığını” bildirib.
Çavuşoğlu həmçinin Suriyada davamlı sülh üçün addımların atılmasının vacibliyini vurğulayaraq, "Suriya rejimi müxalifəti terrorçu hesab etməməlidir” deyib.
Türkiyənin Suriyada "nəticəyönümlü” siyasət yürütdüyünü deyən Çavuşoğlu ölkənin ərazi bütövlüyünün qorunub saxlanılmasının və "onu terror təşkilatlarından təmizləməy”in vacibliyini vurğulayıb.
Nizami Bağırov