"Bu səfər gələcəkdə münasibətlərin normallaşması üçün müəyyən zəmin hazırlaya bilər, amma bununla belə İran rəsmilərinin Bakıya gəlişinin münasibətlərdə konkret dəyişikliyə səbəb olacağını gözləmirəm”.
Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəyli Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin Bakıda keçiriləcək görüşündə iştirak üçün gələn İran XİN rəsmilərinin səfərini şərh edərkən deyib:
"Müəyyən hallarda bu cür görüşlərin olması, diplomatların səfərləri münasibətlərin yaxşılaşmasına yönəlik addım kimi qiymətləndirilə bilər. İran Azərbaycana qarşı neqativ hərəkətlər edəndən sonra da, münasibətlərin normallaşması üçün müəyyən cəhdlər olub. Amma İranın günahı, təqsiri üzündən bu cəhdlər də alınmayıb. Qoşulmama Hərəkatı çərçivəsində də münasibətlərin normallaşamsına pozitiv yanaşmaq lazımdır. İran XİN rəhbərlərinin bu gəlişi fonunda münasibətlərdə hansısa bir dəyişiklik olacağını gözləmirəm. Çünki Azərbaycanın məlum mövqeyi var. Bakı səfirliyə olan hücumla bağlı izahat tələb edir. İran isə hələ də Azərbaycanı qane edən izahatlar vermir. Nə qədər ki, həmin izahat verilməyib, Azərbaycan tərəfi cəhd etsə də, İran münasibətlərin yaxşılaşmasından qaçmağa çalışacaq. Çox güman ki, səfirliyə hücum da İranın müəyyən dairələri tərəfindən hazırlanıb, həyata keçirilib. Ona görə də İran rəsmiləri bu məsələdən yan keçməyə çalışır”.
Qeyd edək ki, İranın "Fars” agentliyinin məlumatına görə, bu ölkənin xarici işlər nazirinin müavini Reza Nəcəfi Azərbaycana gəlir. Nəcəfi Qoşulmama Hərəkatına üzv ölkələrin nümayəndələrinin konfransında iştirak edəcək. Həmçinin Bakıda hərəkata daxil olan ölkələrin xarici işlər nazirlərinin görüşünə qatılacaq. Agentliyin məlumatına görə, Bakıda keçiriləcək nazirlər konfransında İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan da şəxsən iştirak etməyi planlaşdırır.
Rüfət Sultan