Xəbər lenti

İranın növbəti prezidenti qadın ola bilər? (ŞƏRH)
Dünya 13:24 03.06.2024

İranın növbəti prezidenti qadın ola bilər? (ŞƏRH)

"İranda xanım namizədin prezident olmaq şansları zəifdir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Azər Hüseynov İranda prezident seçkilərində ilk dəfə olaraq qadın, deputat Zöhrə İlahianın namizədliyinin irəli sürülməsini şərh edərkən deyib.

Azər Hüseynovun fikrincə, İranda qadınların hüquqları və onların siyasi proseslərdə iştirakı ilə bağlı olaraq məlumatlar təəssüf ki, yalnız Qərb mediasından qaynaqlanır:

"İranda qadınların siyasi proseslərdə fəal iştirakı yenilik deyil. Təbii ki, hər bir dövlətin öz hüquqi sistemi var. Hüquqi sistemin əsaslarına qarşı yönəlmiş hicabsızlaşdırma hərəkatı İran dövləti tərəfindən sərt qarşılaşır. Amma hüquqi sistemin daxilində İranda qadınların siyasi fəaliyyətdə iştirakı normaldır. Buna görə də Zöhrə İlahianın namizədliyinin qeydə alınması normal məsələdir”. 
 


Ekspert bildirir ki, Qərb mediası bu məsələdə təhriflərə yol verir:

"Azərbaycan üçün İranda hakimiyyətə gələcək şəxsin cinsi deyil, ölkəmizlə münasibətlərdə əldə edilən razılaşmalara sadiqliyi önəmlidir. Ona görə də məsələyə bu baxımdan baxmalıyıq ki, yeni hakimiyyət regional konfiqurasiyalarda Azərbaycanın da maraqlarını nəzərə alsın. Prezident İlham Əliyevin bildirdiyi kimi, bizim üçün önəmli olan anlaşmalara sadiqlikdir. Ermənistanla münasibətlərdə isə yenə də ölkəmizin maraqlarını gözləsin".

Həmsöhbətimiz xanım namizədin şanslarının aşağı olduğu qənaətindədir:

"Şanslara gəldikdə isə İran bir Şərq ölkəsidir. Şərq cəmiyyətləri kişi mərkəzlidir. Şərq cəmiyyətlərində bir qadının yüksək vəzifəyə seçilməsi onun bu kriteriyalara uyğunluğuna bağlıdır. Buna misal olaraq Benəzir Buhuttonu göstərə bilərik. Şansı olmasa da, olsa da,  İran siyasi sistemi dünyaya mesaj verir ki, dünya onları mürtəce qüvvə kimi təqdim etmək istəsə də, əslində elə deyillər. Tövsiyyəm odur ki, İslam şərqindəki proseslərə bəzi analitiklərimiz Qərbin eynəyi ilə deyil, milli maraqlarımız baxımından baxsınlar”. 

Qeyd edək ki, İrandakı prezident seçkilərində ilk yaşanıb. Belə ki, deputat qadınlardan biri prezidentliyə namizədliyini irəli sürüb. İran parlamentinin üzvü Zöhrə İlahian növbədənkənar keçirilən 14-cü prezident seçkilərində qeydiyyatdan keçib. Məlumata görə, İran Daxili İşlər Nazirliyi yanında Mərkəzi Seçki Qərargahında qeydiyyatdan keçən millət vəkili Zöhrə İlahian öz namizədliyini irəli sürən ilk qadın olub. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->