Niderlandın "Volkskrant” qəzeti 2007-ci ildə İranın nüvə proqramı ilə bağlı vəziyyətə dair iki illik araşdırmanın nəticələrini dərc edib.
Qaynarinfo xəbər verir ki, nəşrin məlumatına görə, niderlandlı mühəndis Erik van Sabben ABŞ və İsrailin rəhbərliyi altında "Stuxnet" virusundan istifadə edərək proqramı iflic edib.
Qəzetin jurnalistləri araşdırmaları çərçivəsində əməliyyata yaxın onlarla mənbə, o cümlədən Niderland Baş Kəşfiyyat və Təhlükəsizlik Xidmətinin (AIVD) və ölkənin Hərbi Kəşfiyyat Xidmətinin (MİVD) 19 əməkdaşı ilə danışıblar. Araşdırmanın nəticəsinə görə, Erik van Sabben 2005-ci ildə AIVD tərəfindən casusluğa cəlb edilib. Eyni zamanda, Niderland rəhbərliyi mühəndisin İran proqramı ilə bağlı niyyətlərindən xəbərsiz olub.
2007-ci ildə mühəndis İranın Netenz şəhərindəki nüvə obyektinə daxil olub. Orada o, nüvə sentrifuqalarını məhv edən virusa yoluxmuş avadanlıq quraşdırıb. Əməliyyat nüvə proqramını bir neçə il gecikdirib və proqram təminatının bərpası üçün 1 milyard dollardan çox xərc çəkilib.
"Volkskrant”ın məlumatına görə, Erik van Sabben 2009-cu ilin yanvarında Şarjada (BƏƏ) motosikletlə qəzaya uğrayıb. Rəsmi versiya kimi qəza göstərilir. Eyni zamanda, nəşrin MIVD-dən olan anonim mənbələri bunun qətl ola biləcəyini ehtimal edirlər.
Nizami Bağırov