Xəbər lenti

İranla Azərbaycan arasında yumşalma: Tehran daha
Siyasət 15:58 15.07.2024

İranla Azərbaycan arasında yumşalma: Tehran daha "Zəngəzur"a qarşı deyil (ŞƏRH)

"İranın Ermənistandakı səfirinin açıqlaması Tehranın Zəngəzur dəhlizinə radikal şəkildə qarşı çıxmayacağının, oradakı prosesləri sabotaj etməyəcəyinin göstəricisidir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında QAFSAM sədrinin müavini Nazim Cəfərsoy İranın Ermənistandakı səfiri Mehdi Sübhaninin Zəngəzur dəhlizilə bağlı məsələyə yumşaq münasibət sərgiləməsini şərh edərkən deyib:

"Dəhliz məsələsilə bağlı prosesin başlanğıcında İran daha sərt mövqedən çıxış edirdi. Tehran düşünürdü ki, dəhlizin açılması ilə İranın Cənubi Qafqazdakı mövqeyi zəifləyəcək. İran yolun Turan koridoru olması və türk dünyasının inteqrasiyasını gündəmə gətirməsi baxımından da dəhlizi özü üçün təhlükə hesab edirdi. Bir sözlə, İran siyasi, iqtisadi, təhlükəsizlik motivlərinə əsasən Zəngəzur dəhlizinin açılmasına qarşı çıxırdı. Ancaq son dövrlər Bakı ilə Tehran arasındakı münasibətlərdə müəyyən normallaşma işarələri görünür. Azərbaycanla İran arasında Naxçıvan istiqamətində yeni körpünün təməli qoyuldu. Tehrandakı Azərbaycan səfirliyinə terror hücum edən şəxs cəzalandırıldı. Səfirliyin yenidən açılması üçün normal təhlükəsiz şəraitinin yaradılmasını öhədlik kimi götürdü. Bu gün isə səfirliyimiz yenidən bərpa olundu”. 
 


Ekspert bildirib ki, İranla Azərbaycan arasında Zəngəzur dəhlizi məsələsi ətrafında yaşanan gərginliyin artıq yumşaldığı hiss olunur:

”Son dövlər İran və Azərbaycan tərəfindən verilən açıqlamalarda bir məqam üstünlük təşkil edir ki, tərəflər aralarındakı daha əvvəlki razılaşmalara əməl edəcəklər. Pezeşkiyanın gəlişi ilə də bu prosesin davam etdiyini müşahidə  edirik. Yaşanan normallaşma prosesi isə öz növbəsində İranın Zəngəzur dəhlizinə radikal şəkildə qarşı çıxmamasına, oradakı prosesləri sabotaj etməməsinə gətirib çıxarır. İranın Ermənistandakı səfiri Mehdi Sübhaninin açıqlaması da həmin istiqamətdə irəliləyişin göstəricisidir”. 

Qeyd edək ki, İranın Ermənistandakı səfiri Mehdi Sübhani "Azadlıq” radiosunun erməni bürosuna müsahibəsində Azərbaycanın Zəngəzur dəhlizinin açılması tələbi haqda sualı cavablandırarkən sərhəd blokadasının açılmasının əleyhinə deyil, lehinə olduqlarını vurğulayıb:
 
"Azəraycanın irəli sürdüyü tələblərlə bağlı qərar verən Ermənistandır, lakin bu məsələdə bizim mövqeyimiz ondan ibarətdir ki, biz sərhəd blokadasının açılmasının əleyhinə deyil, lehinəyik. Siz Azərbaycan və Türkiyə ilə qonşusunuz, daim düşmənçilik edə bilməzsiniz və bir gün onlarla bu məsələləri həll edəcəksiniz. Münasibətlər nizamlananda isə sərhədlərin açılması təbiidir. Biz Ermənistanın suverenliyi altında rabitə kanallarının açılmasının tərəfdarıyıq. Bu, regionun bütün ölkələrinə şamil edilməlidir”. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->