"İki qonşu ölkə arasında yaşanan gərginlik azalmağa doğru gedir”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə İran XİN-in sözçüsü Naser Kənaninin İran Azərbaycanla münasibətlərində nisbi uğuru müşahidə etdikləri barədə səsləndirdiyi fikrə münasibət bildirərkən deyib.
"Xarici İşlər Nazirliyinin rəsmi sözçüsünün İran-Azərbaycan münasibətlərində nisbi uğurun olması barədə dedikləri həqiqətə uyğundur. Onun əlində hansısa əsası var ki, bu sözü deyib. İki ölkənin xarici işlər nazirləri 3 dəfə telefon vasitəsilə danışıqlar aparıb", deyə politoloq bildirib.
Ekspertin fikrincə, münasibətlərin normallaşması tendensiyası bundan sonra daha geniş xarakter ala bilər:
"Hər iki ölkənin iqtisadi sahədə, mədəniyyət, tarix, elm sahəsində əməkdaşlığı üçün geniş imkanları var. Bu əməkdaşlığın inkişaf etdirilməsi münasibətlərin normal olmasını vacib edir. Astara-Rəşt dəmir yolunun çəkilməsi, Şimal-Cənub dəhlizinin açılması İran və Azərbaycana böyük mənfəət gətirə bilər. Bu faydalardan istifadə etməyimiz üçün münasibətlər sağlam müstəvidə olmalıdır”.
Qeyd edək ki, İran XİN-in rəsmi sözçüsü Naser Kənani "İran Azərbaycanla münasibətlərin idarə olunmasında siyasi-diplomatik yanaşmadan istifadə edib. Xoşbəxtlikdən bu prosesdə nisbi uğur müşahidə edirik” açıqlaması ilə çıxış edib.
"İki ölkənin XİN rəhbərləri arasında baş tutan telefon danışıqları müsbət hadisə oldu və bizi cari vəziyyətin aradan qaldırılmasında və ölkələr arasında gərginliyin azaldılmasında ümumi yanaşmaya gətirib çıxardı”, deyə Kənani qeyd edib.
Rüfət Sultan