2022-ci ildə festivalda "Leylanın qardaşları” filmini təqdim edən Səid Rüstəmi bu həftə "müxalifətin təbliğatına şərait yaratdığına görə” 6 ay həbs cəzasına məhkum edilib. Eyni cəza prodüser Cavad Noruzbəyinə də verilib.
Qaynarinfo xəbər verir ki, bu barədə BBC
yazır.
Etemad qəzetinin yazdığına görə, Rüstəmi və Noruzbəyi müddətin iyirmidə birini, yəni təxminən doqquz gün həbsdə olacaqlar, cəzanın qalan hissəsi isə beş il təxirə salınır. Hökmdən apelyasiya şikayəti verilə bilər.
Qəzet yazır ki, güzəşt müddətində məhkumlar kinorejissorluğun əsası kursunu keçməli və digər kino peşəkarları ilə ünsiyyətdən çəkinməlidirlər.
Dünya şöhrətli rejissor Martin Skorseze rejissorun müdafiəsi üçün petisiya hazırlayıb və Kann Film Festivalının təşkilatçıları hökmü İran hakimiyyətinin söz azadlığının növbəti ciddi pozulması adlandırıblar.
"Leylanın qardaşları” filmi ötən il Kannda keçirilən festivalda "Qızıl palma budağı”na iddialı olub, film Tehran ailələrindən birinin iqtisadi problemlərindən bəhs edir. O, əsas mükafatı almasa da, Beynəlxalq kino tənqidçiləri federasiyasının mükafatına layiq görülüb.
Film ekranlara çıxandan dərhal sonra "qaydaları pozaraq beynəlxalq kinofestivallarda təqdim olunduğuna” görə İranda qadağan edilib və filmin rejissoru İran Mədəniyyət Nazirliyinin tələbi ilə filmə düzəlişlər etməkdən imtina edib.
34 yaşlı Rüstəmi 2019-cu ildə İranda narkotik probleminə və polisin bu problemə qəddar və səmərəsiz reaksiyasını əks etdirən "Asılılar” filminin nümayişi ilə beynəlxalq şöhrət qazanıb.
Nizami Bağırov