İraqın Zikar vilayətində hökumət əleyhinə iki gündür davam edən nümayişlərdə ölənlərin sayı 12 nəfərə çatıb.
Qaynarinfo xəbər verir ki, aksiyalar zamanı 112 nəfər xəsarət alıb. Ölən və yaralananlar arasında polislər də var.
Bölgədə dövlət müəssisələri fəaliyyətini dayandırıb. Ərazidə internet və sosial şəbəkələrə giriş məhdudlaşdırılıb. Nümayişlərin davam etdiyi yerlərə çox sayda təhlükəsizlik əməkdaşı göndərilib.
Paytaxt Bağdadda da başlayan aksiyalara görə dövlət müəssisələrində bir günlük tətil elan edilib, komendant saatı tətbiq edilib. Bağdad Beynəlxalq Hava Limanı ətrafında polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib.
Qeyd edək ki, İraq əhalisi həyat səviyyəsinin yaxşılaşdırılmasını, dövlət xidmətlərində keyfiyyətin yüksəldilməsini, korrupsiya və rüşvətxorluğun aradan qalxmasını tələb edir.