
İraq ordusu Tel Əfar şəhərini İŞİD terror qrupundan azad etmək üçün hərbi əməliyyatlara başlayıb.
"Qaynarinfo" "BBC"yə istinadən xəbər verir ki, bu gecə açıqlama verən İraqın baş naziri Heydər Əl Abadi "Tel Əfarı azad etmək üçün əməliyyatlar start götürüb. Cihadçıların iki seçimi var: ölmək ya da təslim olmaq. Bütün dünya bizimlədir" deyib.
2014-cü ildən bəri İŞİD işğalında olan şəhərin əsas əhalisi şiə-müsəlman türkmənlərdir. Tel Əfar Mosul və Suriya arasında yerləşir və İŞİD-in əsas keçid məntəqəsi hesab edilir.
Qeyd edək ki, ötən ay İraq ordusu 9 ay davam edən əməliyyatlardan sonra Mosulu terrorçu qrupdan azad edib.
Gülşən
Qaynarinfo.Az