İraqdakı qarşıdurmalarda təkcə paytaxt Bağdadda 33-dan çox ölü və yüzlərlə yaralı var.
Qaynarinfo bu barədə Əl-Ərəbiyyə-yə istinadən xəbər
verir.
İraq saytları Müqtəda Sədrin bir saatdan sonra Nəcəfin Əl-Hənnanə kompleksində mətbuat konfransı keçirəcəyini bildirib. (Ötən gündən Sədr hərəkatının liderinin İraqda siyasi fəaliyyətini bitirdiyini elan etdikdən sonra bu ölkədə geniş iğtişaşlar yaşanır.)
Sədrin münaqişə tərəflərini sakitləşməyə dəvət edəcəyi gözlənilir, ona yaxın mənbələr onun aclıq aksiyası keçirdiyini və qan tökülməsi durana kimi aclıq aksiyasını dayandırmayacağını bildiriblər.
İraqlı etirazçılar İranın bayrağını yandırıblar.
Əl-Ərəbiyyə Xəbər Agentliyi İraqa müdaxiləsinə etiraz olaraq İran İslam Respublikasının bayrağının Sədr tərəfdarları tərəfindən yandırıldığını əks etdirən video yayımlayıb.
ABŞ, Fransa, İngiltərə, Ərəbistan, Türkiyə və İran da daxil olmaqla onlarla xarici ölkə öz vətəndaşlarının İraqa səfər etməsinə qarşı xəbərdarlıq edib.
Çərşənbə axşamı, avqustun 30-da Bağdadda hərbi toqquşmaların baş verdiyi yerdə olan bəzi jurnalistlər Twitter-də videolar dərc edərək, Müqtəda Sədri dəstəkləyən hərbi qüvvələrin İraq hökumətinin təhlükəsizlik qüvvələrini RPQ ilə atəşə tutduqlarını elan ediblər. Videolarda RPQ atəşi zamanı hərbi qüvvələrin "Ya Moqtadi” deməsi eşidilir.
İraqın digər böyük şəhəri olan Bəsrədə vəziyyət son dərəcə gərgindir, şəhərin neft yataqları Sədrin silahlı tərəfdarları tərəfindən ələ keçirilib.
İraqda yaranmış gərgin vəziyyətlə əlaqədar baş nazir Mustafa Əl-Kazemi İraq ordusunun bütün qüvvələrini hərbi hazırlıq vəziyyətinə gətirdiyini bəyan edib.
İraq Səhiyyə Nazirliyinin məlumatına görə, ölkənin xəstəxanaları və təcili yardım otaqları hazır vəziyyətdədir.
Bağdad hava limanında bütün daxili və beynəlxalq uçuşlar çox məhduddur.
İraqın müxtəlif tayfa başçıları və ağsaqqalları büyük dini lideri, Ayətullah Əli Sistanidən münaqişə tərəfləri arasında vasitəçilik etməyi xahiş edirlər.
İrana yaxın üç sima - Hadi Əl-Ameri, Şeyx Xəzəli və Əmmar Əl-Həkim İraqda vətəndaş müharibəsi ilə bağlı xəbərdarlıq ediblər.
Hazırda İraqın Yaşıl Bölgəsində, eləcə də Bağdadın Təhrir meydanında Müqtəda Sədrə bağlı "Əs-Suraya" qrupları ilə İrana yaxın "Həşəd-əş-Şəbi" qruplaşmalarına daxil olan "Ceyş əl-Mehdi" və "Əsaeb əl-Haq" kimi qruplar arasında qarşıdurma gedir.
Bu gün Bağdad və Bəsrə ilə yanaşı, İraqın digər şəhərlərində, o cümlədən Kərbəla, Nəcəf, Kazmin, Samirra və Bəqubədədə ictimai atmosferin gərgin olduğu bildirilir.
Aydın