Dünya 13:53 28.07.2022

İraqda yeni siyasi təlatüm: Şiə Müqtəda əs-Sədrin İrana qarşı etirazının kökündə nə durur?

Minlərlə iraqlı etirazçı ölkə parlamentinə basqın edərək, İran İslam Respublikasının dəstəklədiyi partiyaların baş nazirliyə namizəd seçməsinə etiraz olaraq, İran əleyhinə şüarlar səsləndiriblər.
 
Azadlıq Radiosu-nun yaydığı məlumatlara görə, etirazçıların çoxu İraqın nüfuzlu şiə-din xadimi Müqtəda əs-Sədrin tərəfdarlarıdır.
 
Məlumatlara görə, etirazçıların çoxu İraqın nüfuzlu şiə-din xadimi Müqtəda əs-Sədrin tərəfdarlarıdır. Bu etirazçılar əllərində Müqtəda əs-Sədrin şəkillərini tutaraq İraq parlamentinin masaları üzərində gəziblər. Onların etirazı bu ölkədə İran İslam Respublikasının dəstəklədiyi şiə qruplarının koalisiyası İraq prezidentini seçmədən, İraq konstitusiya prosesinə zidd olaraq İrana yaxın siyasətçilərdən Məhəmməd Şiya Əl- Sudanini baş nazir vəzifəsinə namizəd kimi seçilməsindən sonra baş verib. Bu, ötən ilin oktyabrında İraqda keçirilən seçkilərdən sonra ən böyük etirazdır. 

Məlumata görə, etirazçılar parlamentə hücum etməzdən əvvəl Bağdadın yaşıl zonasına daxil olublar. Çevik qüvvələr polisi Yaşıl Zonanın beton divarlarını aşmış etirazçıları geri çəkmək üçün su şırnaqlarından istifadə edib, lakin etirazçılar hökumət binalarının və xarici səfirliklərin yerləşdiyi Yaşıl Zonaya bir çox qapıları sındıraraq daxil ola biliblər. Bu arada İraqın müvəqqəti baş naziri Mustafa Əl-Kazemi də etirazçıları sakitliyə və təmkinli olmağa çağırıb və onlardan "təcili olaraq ərazidən çəkilmələrini” istəyib.

Müqtəda əs-Sədr: Ərəb millətçisi, yoxsa dini lider? 



Müqtəda əs-Sədr İraqın nüfuzlu din alimi, Ayətullah-üzma Məhəmməd Sadiq əs-Sədrin oğludur. Onun atası və babası Ayətullah üzma Məhəmməd Baqir əs-Sədr Səddam Hüseyn rejiminə qarşı mübarizənin liderlərindən olub. Müqtəda əs-Sədrin atası və babası Səddam Hüseyn rejimi tərəfindən qətlə yetirilib. Bundan sonra o, liderliyi ələ alıb. 

Müqtəda əs-Sədr atası və babası kimi mərceyi-təqlid mənsəbinə yüksələ bilməyib. Bu, onun təhsilini yarımçıq qoyaraq, Səddam Hüseyn rejiminə qarşı mübarizəyə qoşulması ilə izah edilir. Elmi potensialı İraqın Seyid Əli Sistani kimi nüfuzlu dini liderlərindən aşağı olmasına baxmayaraq, Müqtəda əs-Sədr cəsarəti, eyni zamanda atası və babası kimi xeyriyyəçilik işləri ilə İraq şiələrinin rəğbətini qazana bilib. Müqtəda əs-Sədr Səddam Hüseyn rejiminə qarşı mübarizədə İranın dəstəyindən faydalanıb. Bu baxımdan, o, İrana yaxın şəxs kimi xarakterizə edilib. Yeri gəlmişkən, onun babası Məhəmməd Baqir əs-Sədr İran-İraq müharibəsində İran İslam inqilabının lideri Ruhulla Xomeyninin dəstəklədiyinə görə öldürülüb. Səddam Hüseyn devrildikdən sonra Müqtəda əs-Sədrin İrana münasibəti dəyişib.

Almaniyada mühacir həyatı yaşayan hüquqşünas Nağı Mahmudi Qaynarinfo-ya bildirib ki, Müqtəda əs-Sədrin İrana münasibətinin dəyişməsi Tehranın İraqın daxili işlərinə müdaxiləsi ilə bağlıdır:



"Müqtəda əs-Sədr vaxtilə İran rejiminə yaxın olub. Bu ona Səddam Hüseynə qarşı mübarizədə lazım idi. Müqtəda əs-Sədrlə İran rejiminin münasibətləri o qədər yaxşı olub ki, 2006-cı ildə ona həbs təhlükəsi yarananda Tehran ona dəstək olmuşdu. Əs-Sədr İraqdan qaçaraq İrana sığınmış və bir müddət orada yaşamışdı. Lakin Səddam Hüseyn devrildikdən sonra İran rejimi ilə aralarında fikir ayrılığı yaranıb. Müqtəda əs-Sədr hesab edir ki, İraqın taleyini iraqlılar həll etməlidir. O, İranın şiə faktorundan istifadə edərək İraqın daxili işlərinə qarışmasının qəti əleyhinədir. Ümumiyyətlə, Müqtəda əs-Sədri sabit mövqeli lider kimi xarakterizə etmək mümkün deyil”.

Ötən il İraqda keçirilən parlament seçkilərində Müqtəda əs-Sədrə bağlı "Sairun” fraksiyasının daha çox yer qazanması Tehranda narahatlıqla qarşılanmışdı. İran bu seçkilərin nəticələrini ABŞ, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin prosesdəki effektiv rolu ilə əlaqələndiridi. Dolayısı ilə Müqtəda əs-Sədr bu ölkələrlə əlaqələrdə ittiham edilirdi. Bu da əs-Sədr ilə İran rejimi arasında körpülərin yandığını göstərirdi.  

Müqtəda əs-Sədr həm də ərəb millətçisi kimi xarakterizə edilir. O, şiələrin lideri olsa da, vilayəti-fəqih nəzəriyyəsinə istinad edərək İranın orbitində olmağı qəbul etmir. Vilayəti-fəqih nəzəriyəsi Ruhulla Xomeyninin şəriət hökuməti qurmağı əsaslandırmaq üçün irəli sürdüyü konsepsiyadır. Lakin bu nəzəriyyə bəzi nüfuzlu şiə din xadimləri tərəfindən qəbul edilmir. Hazırda İraqın ən nüfuzlu dini lideri hesab edilən Ayətullah-üzma Seyid Əli Sistani də bu nəzəriyyəyə qarşıdır. Vilayəti-fəqih nəzəriyyəsi həm də dünya şiələrinin İranın ali dini rəhbəri Seyid Əli Xamneyinin ətrafında birləşməyi ehtiva edir. Çünki bu nəzəriyyəyə görə hazırda məhz Xameneyi dünya şiələrinin lideri hesab olunur. 

Əs-Sədr və Sistani qarşıdurması 



Müqtəda əs-Sədrin Seyid Əli Sistani ilə də münasibətləri ürəkaçan deyil. Sistani əslən iranlı olmasına baxmayaraq, Tehranın siyasətinin qəbul etməyən şəxslərdəndir. Bu baxımdan, İranın dini elitasında Sistaniyə münasibət heç də yaxşı deyil. Bu məsələdə Sistani ilə əs-Sədrin mövqeləri üst-üstə düşsə də, birincinin liberal düşüncəli olması ikinci tərəfindən qəbul edilmir.
 
Sistani Səddam Hüseyn rejimi dönəmində də susqunluğu ilə seçilib. Əs Sədr ailəsi rejimə qarşı mübarizə aparanda Sistani susmağa üstünlük verib. Bu, həm də onun dini liderlərin siyasi proseslərə müdaxiləsinin əleyhinə olması kimi izah edilir. Sistani hesab edir ki, din siyasətdən ayrı olmalı, ruhanilər siyasətlə məşğul olmamalıdır. Bu isə Müqtəda əs-Sədrin ideoloji baxışlarına ziddir. 

Ümumiyyətlə, şiəlikdə siyasi proseslərdə "Həsən və Hüseyn xətti” açıq-aşkar müşahidə edilir. Söhbət şiələrin ikinci və üçüncü imamı Həsən ibn Əli və Hüseyn ibn Əlinin siyasi proseslərdə tutduğu mövqelərdən gedir.

Həsən ibn Əli xəlifə olduğu halda xilafəti qorumaq üçün Dəməşq valisi Müaviyə ibn əbu-Sufyanın hakimiyyət iddiaları ilə razılaşmalı oldu və xəlifəlik əbasını ona ötürdü. Beləliklə, Əməvilər xanədanının əsası qoyuldu. Hüseyn ibn Əli isə qardaşından fərqli olaraq Yezid ibn Müaviyənin xəlifəliyini qəbul etmədi və az qüvvə ilə olsa da belə, dirəniş göstərdi. Bu gün şiələr arasında Hüseyn ibn Əlinin tutduğu mövqe daha populyardı. Lakin Sistani kimi təxminən Həsən ibn Əlinin yolunu gedən liderlər də az deyil. Kimin haqlı, kimin haqsız olduğunu isə zaman göstərəcək. 

Vidadi Məmmədov