İrəvanda aksiya iştirakçıları və polis qüvvələri arasında gərginlik getdikcə artır.
Qaynarinfo 168.am-a istinadla xəbər verir ki, bu gün etirazçılar İrəvanın küçələrində yürüş edərək şəhərdə blokadalar qurmaq qərarına gəliblər.
Belə ki, Polis qüvvələri qabaqlayıcı addımlar ataraq şəhərdə blok-postlar qurub, yürüş iştirakçılarının meydana çıxmasına imkan verməyib. Polisə qeyri-mütənasib kobud güc tətbiq edilib.
Hazırda İrəvanın Rubinyats küçəsində vəziyyət kifayət qədər gərgindir, burada müxalifətin etiraz aksiyasına ER Parlamentinin vitse-spikeri İşxan Sağatelyan rəhbərlik edir.
İşxan Sağatelyan aksiya iştrakçılarına bir müddət yerdə oturmağı təklif edib, lakin polis güc tətbiq edərək etirazçıları saxlamağa başlayıb.
Onu da əlavə edək ki, bu gün saat 19:00-da Fransa meydanında böyük mitinq planlaşdırılır.
Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağla bağlı açıqlamasından sonra Ermənistanda etiraz dalğası yaranıb.
Aprelin 22-də Parlamentin vitse-spikeri, "Ermənistan” fraksiyasının üzvü İşxan Sağatelyan baş nazir Nikol Paşinyanın və onun komandasının hakimiyyətdən uzaqlaşdırılması üçün küçə mübarizəsinə başladığını elan edib.
Mayın 1-də İrəvanda Fransa meydanında müxalifətin minlərlə mitinqi başlayıb. İştirakçılar çadırlar və barrikadalar qurub, İşxan Sağatelyan mayın 2-dən küçələri bağlayaraq itaətsizlik aksiyalarının başlayacağını bildirib.
Mayın 2-dən etibarən İrəvanda hər gün itaətsizlik aksiyaları, yürüşlər və mitinqlər təşkil olunur.