Dünya 13:45 18.05.2022

İrəvanda aksiyalar davam edir: Saxlanılanların sayı 352-yə çatdı (YENİLƏNİB)

Ermənistanın paytaxtı İrəvanda bu gün səhər saatlarında başlayan etiraz aksiyaları zamanı saxlanılanların sayı 352-yə çatıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Ermənistan Polisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, paytaxtın müxtəlif küçələrində avtomobillərin hərəkətini bloklamağa çalışan etirazçılar polisin qanuni tələbinə məhəl qoymamaq ittihamı ilə saxlanılıblar.

Qeyd edək ki, mayın 2-dən etibarən davam edən vətəndaş itaətsizliyi aksiyalarının tələbi Baş nazir Nikol Paşinyanın hökumətinin istefasıdır.
 
11.30
 
Polis Ermənistan parlamentinin keçmiş sədr müavini Eduard Şarmazanovu saxlayıb.

Qaynarinfo Sputnik Ermənistan-a istinadla xəbər verir ki, Ermənistan Respublika Partiyasının nümayəndəsi Teryan və İsaakyan küçələrinin kəsişməsində saxlanılıb.

Şarmazanovun sosial şəbəkədəki səhifəsində o, artıq polis bölməsində digər nümayişçilərlə birlikdə "Nikolsuz Ermənistan” şüarını səsləndirən video yayılıb.
Ermənistan parlamentinin keçmiş vitse-spikeri Abovyan şəhərindəki polis bölməsinə aparılıb.

Respublika Partiyasından olan keçmiş deputat Armen Aşotyan da məhkəmə qarşısına çıxarılıb. Polis Ermənistanın ikinci prezidentinin oğlu Levon Köçəryanı da saxlayıb.

Polisin məlumatına görə, saat 09:30-da 73 nəfər gətirilib.

Qeyd edək ki, səhər saatlarından etibarən İrəvanda vətəndaş itaətsizliyi aksiyaları keçirilir, etirazçılar vaxtaşırı küçələri bağlayır, yürüşlər keçirirlər.
 
Alpər