Dünya 11:18 17.05.2022

İrəvanda müxalifətin itaətsizlik nümayişləri yenidən başladı: Polis hərəkətə keçdi (VİDEO)

1Ermənistan paytaxtında Nikol Paşinyan hökumətinin istefası tələbi ilə müxalifətin təşkil etdiyi itaətsizlik aksiyaları yenidən başlayıb. Səhər saatlarında nümayişçilər şəhərdə nəqliyyatın hərəkətini iflic etmək üçün bir neçə küçəni bağlayıblar.

Qaynarinfo bu barədə Sputnik ermənistan-a istinadla xəbər verir.

O cümlədən, Nor-Nork inzibati rayonunda Müdafiə Nazirliyinin binasına gedən Moldovakan küçəsi indiyədək qismən bağlanıb. Vətəndaşlar "türksüz Ermənistan” şüarları səsləndirirlər.

Polis də öz növbəsində etirazçıları yolun kənarına sıxışdıraraq hərəkəti açmağa çalışır.

İrəvanın digər ərazilərində, xüsusən Ərəbkir inzibati rayonunda Hovsep Emin küçəsində də nəqliyyatın hərəkətini dayandırmaq cəhdləri edilir. Puşkin-Teryan küçəsi bağlanıb, artıq bir neçə etirazçı təzyiqlərə məruz qalıb. Etirazçılar Qapalı Bazarın yaxınlığındakı yolu zibil qutuları ilə bağlayıblar.

Səhər saatlarında Ermənistan polisi İrəvanda etiraz aksiyalarının iştirakçılarını saxlamağa başlayıb. Hüquq-mühafizə orqanları da öz növbəsində yollarda nəqliyyatın hərəkətini bərpa etməyə çalışır. Xüsusən də Kiyevyan küçəsində kiçik izdiham yaşanıb, oradan bir neçə fəal polis maşınlarına mindirilərək aparılıb. Aksiyada sabiq prezident Robert Köçəryanın rəhbərlik etdiyi "Hayastan” blokunun bəzi deputatları da iştirak edir. Aksiyada onun oğlu Levona Köçəryan da iştirak edir.

Xatırladaq ki, İrəvanda etiraz aksiyaları, mitinqlər və yürüşlər aprelin sonunda başlayıb. Müxalif qüvvələr hökuməti Qarabağ məsələsində erməni maraqlarını qurban verməkdə suçlayır və istefasını tələb edir.
 
Alpər