"İrəvanın bu addımını Rusiyaya yaranmaq cəhdi kimi qiymətləndirirəm”.
Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəyli Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutunun tələblərindən yan keçəcək dövlətlərarası sazişin imzalanması ilə bağlı Rusiyaya ünvanladığı təklifini şərh edərkən deyib.
Qulamhüseyn Əlibəyli bildirib ki, Ermənistan hakim partiya üzvünün bu açıqlaması əslində ziddiyyətli mövqedir:
"Çünki Roma Statutu ilə bir araya sığmayan sazişin imzalanması prinsip etibarı ilə mümkün deyil. Bu baxımdan mümkün deyil ki, Rusiya Roma Statutu prosesində iştirak etmir. Roma Statutunu təsdiq edən dövlətin başqa bir dövlətlə statutdan yan keçmək haqqında müqavilə bağlamasını hüquqi cəhətdən təsəvvür etmirəm. Ola bilər ki, bu Moskvaya xoş gəlmək, yaxud da Roma Statutundan doğan qəzəbin yumşaldılması üçün növbəti erməni hiyləgərliyinə əsaslanan məsələdir. Bildiyimə görə, Rusiya artıq onların təklifini rədd edib. Moskva başa düşür ki, həmin təkliflər əslində beynəlxalq hüququn prinsiplərinə ziddir”.
Qeyd edək ki, Ermənistanın hakim "Vətəndaş sazişi” partiyasının idarə heyətinin üzvü Akop Arşakyan Rusiya tərəfinə Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma statutunun tələblərindən yan keçəcək dövlətlərarası sazişin imzalanması təklifini açıqlayıb. Bu barədə "Kommersant" məlumat yayıb.
"Roma statutunun ratifikasiyasından bir neçə ay əvvəl biz Rusiyanı ikitərəfli müqavilə imzalamağa dəvət etdik ki, dövlətlərarası hüquqi münasibətlərimiz beynəlxalq strukturlar tərəfindən yoxlanılmasın, ratifikasiya əlaqələrimizə təsir göstərməsin. Əslində, biz hələ cavab almamışıq, lakin Roma statutunun qüvvəyə minməsinə hələ çox vaxt var”, deyə Akop Arşakyan brifinq zamanı bildirib.
Arşakyan vurğulayıb ki, hüquqi baxımdan Ermənistan və Rusiya iki ölkəyə aid məsələlər üzrə beynəlxalq məhkəmənin qərarlarının tətbiqini istisna edən razılaşma əldə edə bilərlər.
Xatırladaq ki, sentyabrın 1-də Ermənistan hökuməti BCM-nin Roma statutunun ratifikasiya layihəsini parlamentə göndərib. Sənəd oktyabrın 3-də Ermənistan parlamenti tərəfindən ratifikasiya edilib. Kreml isə Ermənistanın BCM-nin Roma statunun ratifikasiya etmək qərarını yanlış adlandırıb.
Rüfət Sultan