Xəbər lenti

İşdən tam uzaqlaşmaq üçün məzuniyyət neçə gün davam etməlidir?
Dünya 12:56 12.07.2026

İşdən tam uzaqlaşmaq üçün məzuniyyət neçə gün davam etməlidir?

Bir çox insan məzuniyyətdən qayıtdıqdan sonra da özünü yorğun hiss edir. Mütəxəssislərin fikrincə, bunun əsas səbəbi istirahət yerinin seçimi deyil, məzuniyyətin kifayət qədər uzun olmaması və işdən tam uzaqlaşa bilməməkdir. Psixoloqlar hesab edirlər ki, tam bərpa üçün təxminən iki həftəlik məzuniyyət ən optimal seçimdir.
 
Qaynarinfo xəbər verir ki, bu barədə "Psychologies” nəşri yazıb.

Mütəxəssislər vurğulayırlar ki, istirahət yalnız yaxşı əhval-ruhiyyə üçün deyil, həm də psixi sağlamlığın və iş məhsuldarlığının qorunması baxımından vacibdir.

Onların sözlərinə görə, işə verilən fasilə enerji ehtiyatlarını bərpa edir, çətinliklərin öhdəsindən gəlməyi asanlaşdırır, diqqəti artırır, həm peşəkar, həm də şəxsi həyatda motivasiyanı gücləndirir.

Bununla belə, məzuniyyət zamanı elektron məktubları yoxlayan, tamamlanmamış tapşırıqlar barədə düşünən və ya iş mesajlarını izləyən şəxslər daha çox yorğunluq hissi ilə geri dönə və peşəkar tükənmişlik riski ilə üzləşə bilərlər.

Tam dincəlmək üçün neçə gün lazımdır?

"Empreinte Humaine” şirkətinin araşdırmasına istinad edən "Elle” jurnalı bildirir ki, uzun həftəsonları və ya bir neçə günlük istirahət beynin iş rejimindən tam çıxması üçün kifayət etmir.

"Empreinte Humaine” şirkətinin prezidenti və psixoloq Kristof Nquyenin sözlərinə görə, optimal məzuniyyət müddəti təxminən iki həftədir.

O bildirib ki, insanlar ilk günləri yeni şəraitə uyğunlaşmağa sərf edirlər. Yalnız bir həftədən sonra onlar işdən həqiqətən uzaqlaşmağa başlayır və istirahətin faydasını hiss edirlər. İki həftəlik fasilə isə həm fiziki, həm də psixoloji baxımdan tam bərpa olunmağa imkan verir.

Ekspert əlavə edib ki, məzuniyyətin ilk və son günləri adətən yola hazırlıq, səfər və digər təşkilati işlərə sərf olunduğundan, əsl istirahət yalnız bir neçə gündən sonra başlayır.
 


İş barədə düşünməyi necə dayandırmaq olar?

Peşəkar kouç Sara Zituni ilk növbədə işi xatırladan bütün əşyaları və tətbiqləri gözdən uzaqlaşdırmağı tövsiyə edir.

Onun sözlərinə görə, istirahət hər bir insanın hüququdur. Əgər iş kompüteri daim göz önündədirsə, onu qutuya qoymaq və ya yatağın altına yerləşdirmək faydalı ola bilər. Bu, zərərli vərdişlərdən uzaqlaşmağa kömək edən addımlardan biridir.

Ekspert həmçinin məzuniyyət müddətində "Teams”, "Outlook” və digər iş proqramlarından çıxmağı, bütün bildirişləri söndürməyi məsləhət görür.

Sara Zituni qeyd edir ki, əksər iş məsələləri qayıtdıqdan sonra da həll oluna bilər. Həqiqətən təcili vəziyyət yaranarsa, həmkarlar əlaqə saxlamaq üçün başqa yol tapacaqlar.

Yeni təəssüratlar beynin yenilənməsinə kömək edir

Əgər rəqəmsal detoks belə iş barədə düşüncələri aradan qaldırmırsa, psixoloqlar yeni təəssüratlar qazanmağı tövsiyə edirlər.

Ekskursiyalar, yerli mədəniyyətlə tanışlıq, yeni yeməklərin dadına baxmaq və müxtəlif fəaliyyətlər diqqəti işdən yayındıraraq beynin yenilənməsinə kömək edir.

Mütəxəssislər vurğulayırlar ki, keyfiyyətli istirahət dəbdəbə deyil, zərurətdir. Müntəzəm fasilələr xroniki stressin qarşısını almağa kömək edir və bu da həm psixi, həm də fiziki sağlamlığın qorunması üçün böyük əhəmiyyət daşıyır.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->