Həyat yoldaşı ilə birlikdə Suriyaya gedərək İŞİD-ə qoşulan və eyni zamanda İŞİD-in "first lady"si olaraq tanınan Taniya Corclas 10 il ərzində yaşadığı çətinliklərdən danışıb.
Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, dinini dəyişdirərək islamı qəbul edən Taniya ABŞ-da bir müsəlmanla ailə qurub. Bu evlilikdən onun 4 uşağı dünyaya gəlib.
Həyat yoldaşı İŞİD-ə qoşulduqdan sonra Suriyadan qaçan Taniya yeni bir həyata başlayıb.
"10 il boyu radikal islamçı oldum. Keçmiş həyat yoldaşım İŞİD-in idarəçilərindən biri idi. Hazırda mən onun ideologiyasına qarşı çıxıram. 17 yaşım olanda dini yaşamağa başladım. Kimliyimi dəyişdirmək istəyirdim. Artıq Harrovda yaşayan, insanların əxlaqsız qadın adlandırdıqları Taniya olmaq istəmirdim. Din həyatıma qayda-qanun gətirdi. Mənə bir yerə aid olma hissini verdi. Con Georgelasla tanış oldum. Ağıllı, yaraşıqlı idi. Mənim ilk sevgilimdi. Ailə qurub ABŞ-da yaşamağa başladıq. Ta ki "Ərəb baharı"nın başlamasına qədər..."
"Ərəb baharı" başladıqdan sonra Taniya ailəsi ilə birgə Misirə köçür
"Bir gün uşaqlarımdan biri əlində bomba ilə evə gəldi. Gerçək olduğunu düşünmürdüm, amma yenə də özümü itirdim. Mətbəx bıçağını əlimə alıb ərimə, "Bir daha bunu etmə. Oğullarımın bu şeylərin yanında olmalarını istəmirəm" - dedim".
Daha sonra onlar 2013-cü ildə Misirdən Suriyaya köçürlər.
"Hər gecə silah səsləri eşidirdik. Çətin zamanlar idi. Evliliyimiz dağılırdı və mən nə edəcəyimi bilmirdim".
Taniya uşaqları ilə birgə onları Suriyadan qaçırması üçün ərini razı salır. Con isə orada qalaraq İŞİD sıralarına qatılır. Cütlük ən son 1 il öncə danışıblar.
"Sonuncu dəfə danışanda etdiyi səhvlərə görə peşman olduğunu və uşaqlarının müsəlman olaraq böyümələrini istədiyini bildirdi. Sonda əgər 6 ay içərisində xəbər ala bilməsəm, ölmüş ola biləcəyini dedi. Bu, onun öz qərarı idi və sonunda istədiyi kimi oldu. Hər şeyi geri qaytarmaq istəyərdim, amma səhvlərimdən də nəticə çıxardım. Seçimlərim üçün bu gün çox peşmanam. Radikallaşanlara kömək etmək, onları cəmiyyətin bir parçası olduqlarına inandırmaq istəyirəm".