Xəbər lenti

İşlənmiş avtomobillərin
Dünya 16:20 09.07.2026

İşlənmiş avtomobillərin "qara siyahısı": Ən etibarlı markalar ən zəiflər arasında

İsveçli ekspertlər bir neçə min işlənmiş avtomobilin texniki baxışlarının nəticələrini açıqlayıblar. Rəqəmlər olduqca diqqətçəkəndir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Vezess" İsveç Yol Hərəkəti İdarəsinin məlumatlarına istinadən xəbər verir.

Ən problemli markalar

Ən zəif nəticə göstərənlər arasında fərqli qiymət seqmentlərini təmsil edən iki marka yer alıb: "Dacia" və "Tesla". Rumıniya markasına məxsus avtomobillərin 48 faizində müəyyən iradlar qeydə alınıb və ya onlar texniki baxışdan keçməyib. "Tesla" avtomobillərinin isə 39 faizində nasazlıq aşkarlanıb. Bütün markalar üzrə orta göstərici təxminən 23 faiz təşkil edib.

"Dacia"nın sonuncu yeri tutması ən ucuz baza modellərinin sadə və qənaətcil texnologiyalarla istehsal edilməsi fikrini təsdiqləyir. Bundan əlavə, bu avtomobillərin sahibləri texniki xidmət işlərini tez-tez təxirə salırlar. Ən çox rast gəlinən nasazlıqlar faralar, sükan mexanizminin elementləri və əyləc sistemləri ilə bağlı olub.

"Tesla" ilə bağlı vəziyyət isə daha maraqlıdır, çünki söhbət texnoloji baxımdan inkişaf etmiş və bahalı avtomobillərdən gedir. Ekspertlər aşağı nəticəni elektromobillərə lazımi texniki xidmət göstərilməməsi ilə izah edirlər. Başqa sözlə, bu, "Tesla" avtomobillərinin etibarsız və ya keyfiyyətsiz yığıldığı anlamına gəlmir. Daha çox əvvəllər ənənəvi avtomobillər idarə edən sürücülərin öyrəşmədiyi istismar xüsusiyyətlərindən söhbət gedir.

Elektromobillər üçün xarakterik hal odur ki, enerji regenerasiyası səbəbindən klassik əyləc diskləri az istifadə olunur. Buna görə də onlar ilişə, paslana və əyləc effektinin zəifləməsinə səbəb ola bilər.

"2025-ci ilin məlumatları da narahatedici tendensiyanı göstərir: araşdırılan 35 markadan 26-sında göstəricilər əvvəlki illə müqayisədə pisləşib", – deyə "Vezess" qeyd edir.

Ən yaxşı nəticə göstərən markalar

Yoxlanılan markalar arasında ən yaxşı nəticəni "Lynk & Co" göstərib – avtomobillərin yalnız 8 faizində problem aşkarlanıb. Onun ardınca "Porsche" (10 faiz) və "Polestar" (11 faiz) gəlir. Liderlər sırasında eyni göstərici ilə "Audi" və "Lexus" (14 faiz), "Volvo" (16 faiz), həmçinin "BMW" və "Volkswagen" (17 faiz) də yer alıb.

Ekspertlərin sözlərinə görə, İsveçdə "Lynk & Co" və "Polestar" avtomobil parkı olduqca yenidir. Bu markalara aid avtomobillərin əksəriyyəti cəmi bir neçə il əvvəl istehsal olunub və bu amil statistik göstəriciləri yaxşılaşdırır.

Eyni zamanda, "Porsche" avtomobillərini adətən texniki xidmətə qənaət etməyən şəxslər alırlar. Məlumatlar bütün avtomobil parkına avtomobillərin yaşının təsirini açıq şəkildə göstərir: 2024-cü il istehsalı olan avtomobillərdə nasazlıq payı cəmi 9 faiz olduğu halda, 2015-ci il modellərində bu göstərici artıq 29 faiz, 2014-cü il avtomobillərində isə 35 faiz təşkil edib.

Qeyd olunur ki, İsveçdə keçirilən texniki baxış avtomobilin real vəziyyətini qiymətləndirir. Ekspertlər əyləc sistemini, sükan idarəetməsini, işıqlandırmanı, asqı hissələrini, təhlükəsizlik vasitələrini və paslanma hallarını yoxlayırlar.

Nəticə üç kateqoriyadan biri ilə qiymətləndirilir: avtomobil iradsız şəkildə baxışdan keçir, cüzi irad alır və ya texniki baxışdan keçmir, bu halda təmirdən sonra yenidən yoxlanılmalıdır. Ən ciddi nasazlıq avtomobilin dərhal istismarına qadağa qoyulmasına səbəb olur.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->