"Əsirlərin dəyişdirilməsi bölgədə müvəqqəti olsa da, sülhün, stabilliyin başlanğıcı üçün önəmlidir".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Rufiz Hafizoğlu HƏMAS rəsmisi Qazi Həmədin girovların azad edilməsilə bağlı danışıqlara hazır olduqları barədə dediklərini şərh edərkən deyib.
Rufiz Hafizoğlu qeyd edib ki, söhbət 240 İsrail əsirindən gedir:
"Bunun müqabilində HƏMAS İsrail əsirliyində olan və 160-ı yeniyetmə olmaqla sayı 5 mini keçən bütün fələstinli məhbusların azad olunmasını tələb edib. Fələstin rəsmisi qeyd edib ki, əsirlikdə olan 1100 fələstinli məhkəməsiz və heç bir qanuni əsas olmadan həbs edilib. HƏMAS bu təklifi ilə dünyaya sülhə hazır olduqları mesajını verir. Əsirlərin mübadiləsi bölgədə müvəqqəti olsa da, sülhün, stabilliyin başlanğıcı üçün çox önəmlidir. Amma əsirlərin dəyişdirilməsi məsələnin radikal həlli demək deyil. Bu fonda atəşkəs ola bilər. Lakin məsələ ondadır ki, HƏMAS-ın açıqlamasından sonra İsrail rəsmilərinin buna hər hansı bir cavabı yoxdur".
Qeyd edək ki, Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun üzvü Qazi Həməd ABŞ-ın "NBC News" telekanalına müsahibəsində təşkilatın məhbus mübadiləsi məsələsində İsrail hakimiyyəti ilə "tam kompromis"ə hazır olduğunu bildirib. O, həmçinin bəyan edib ki, HƏMAS mülki girovların əsirlikdən azad edilməsi ilə bağlı danışıqlara da razıdır.
Qazi Həmədin sözlərinə görə, HƏMAS hərbi əsirləri İsrail həbsxanalarındakı hərəkat nümayəndələri ilə dəyişməyə hazırdır, digər variantlar nəzərdən keçirilmir. HƏMAS nümayəndəsi mülki girovların azad edilməsi üçün şərt kimi İsrailin Qəzza zolağında quru hərbi əməliyyatlarının dayandırılmasını qeyd edib.
Rüfət Sultan