"İsrail gec-tez HƏMAS-ın təklifini qəbul edəcək. Amma hesab etmirəm ki, onu gülə-gülə edəcək. Birbaşa təmas olmayacaq. Proses digər ərəb dövlətlərinin vasitəçiliyilə reallaşa bilər".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Rufiz Hafizoğlu HƏMAS lideri Usamə Həmdanın israilli girovların azad olunması üçün irəli sürdüyü şərtləri şərh edərkən deyib.
Şərhçi bildirib mki, Usamə Həmdanın belə bir açıqlaması HƏMAS-ın danışıqlara hazır olduğunun göstəricisi ola bilər:
"Usamə Həmdanın belə bir açıqlaması var. Amma nəzərə almaq lazımdır ki, o digər HƏMAS liderlərindən fərqli olaraq uzun müddətdir Livanda, Beyrutda məskunlaşıb. Həmdanın bu kimi açıqlama verməsi əslində HƏMAS-ın bu və ya digər şəkildə danışıqlara hazır olduğunun göstəricisi ola bilər. HƏMAS-la İsrail arasında baş verən toqquşmalara nəzər salanda görürük ki, burada ilk təmas nöqtəsi hər zaman əsirlərin dəyişməsilə başlayıb. HƏMAS əsir məsələsinə ciddi nəzər yetirir. Çünki əsir məsələsi İsrail cəmiyyətini daxildən parçalayan haldır. Həmdan tələblərini tarixi təcrübəyə dayanaraq və İsrail toplumunun həmin məsələyə həssas yanaşdığını nəzərə almaqla irəli sürüb. İsraildə itkin düşən, əsir götürülən əsgərlərin, insanların valideynləri periodik olaraq Qəzzadakı hərbi əməliyyatları dayandırmağa çağırışlar edirlər".
Həmsöhbətimiz bildirib ki, əsirlər məsələsi İsraildə ciddi siyasi böhrana gətirib çıxara bilər:
"İsrailin hökuməti üçün əsir problemi çox ağrılı məsələdir. Bu ölkədə hakimiyyətin dəyişməsi, ciddi siyasi böhranların olmasına gətirib çıxara bilən bir məsələdir".
Ekspert əsir mübadiləsinin vasitəçilərin iştirakı olmadan birbaşa olaraq reallaşmayacağını düşünür:
"Yenə də tarixi faktlara söykənsək görərik ki, İsraillə HƏMAS arasında əsir mübadiləsi birbaşa deyil, adətən vasitəçi qismində əsasən Misir üzərindən aparılıb. Lakin Misirdəki hazırkı hakimiyyət zamanında olan hakimiyyətdən çox fərqlənir. Struktur və ideya baxımından onlar eyni olsa da, HƏMAS-ın Sisi hökumətinə etibarı elə də böyük deyil. Digər tərəfdən, HƏMAS-ın İsrail rəsmilərilə əsirlərin qaytarılması məsələsində rahat şəkildə təmas quracağını da düşünmürəm. HƏMAS-ın İsraillə birbaşa təmas qurması birincini sevənlər tərəfindən heç də yaxşı qarşılanmır. Məsələ olduqca qəlizdir. Burada kimin əlinin kimin cibindən çıxdığını bilmək lazımdır".
Qeyd edək ki, HƏMAS lideri Usamə Həmdan israilli girovların azad olunmasına dair şərtlərini açıqlayıb. O bildirib ki, Qəzza zolağı yanacaq və dərmanla təmin olunmayana qədər girovlar azad edilməyəcək.
Rüfət Sultan