İsrail, Qəzza zolağında hərbi əməliyyatın məqsədlərinə çatmağa və müharibəni dayandırmağa kömək edərsə, Fələstinin HƏMAS terror qruplaşmasının liderlərini sağ buraxmaq ideyasını nəzərdən keçirir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Times of Israel” "Kan" televiziya və radio şirkətinə istinadən
yazır.
Bu məlumata görə, İsrail Qəzzada HƏMAS liderləri Yəhya Sinvar və Məhəmməd Deyfin "fürsət yarandığı zaman” öldürülməməsini düşünür. Bunun əvəzinə onlara "bir növ toxunulmazlıq” verilə və Qətərə və ya başqa ölkəyə deportasiya oluna bilər.
Bu, bütün girovların azad edilməsini təmin edəcək və müharibəni bitirəcək həllin bir hissəsi ola bilər.
Mənbələrin sözlərinə görə, hazırda masada konkret təklif olmasa da, siyasi və hərbi liderlər belə bir variantı müzakirə edirlər. Bu, "hazırda aktual olmayan uzunmüddətli seçimdir".
"Kan”ın həmsöhbətlərindən biri deyib ki, istənilən plan HƏMAS-ın rəhbərliyini və hərbi imkanlarını sıradan çıxarmaq kimi bəyan edilmiş hədəfə xələl gətirməməlidir.
Başqa bir mənbə iddia edir ki, "HƏMAS rəhbərliyinin xaricə deportasiyası müharibənin məqsədlərinə zidd deyil”.
Nizami Bağırov