"İsraillə İran arasında heç vaxt birbaşa hərbi toqquşma olmayıb".
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Azər Hüseynov deyib. Ekspert vurğulayıb ki, İsraillə yalnız İranın təsiri altında olan şiə assimetrik qruplar döyüşüb:
"Son hadisələr, İsrailin Dəməşqdəki İran konsulluğunu vurması, bir az başqa ehtimalları dilə gətirir. İsraildə hökümətin istefası tələbləri ilə mitinqlər keçirilir və bu etirazlar getdikcə artır. Digər tərəfdən, İsrail qüvvələri Xan Yunisdən çıxır. Qəzzada humanitar fəlakət davam edir. Belə vəziyyət isə İsrailin beynəlxalq imicini zədələyib. Bununla belə, HƏMAS müqaviməti davam etdirir. Hərbi və siyasi baxımdan da işlər siyasi dalana dirənib".
Azər Hüseynovun sözlərinə görə, İran səfirliyinin vurulması Təl-Əviv tərəfindən münaqişəni başqa müstəviyə çəkib problemi beynəlxalq terror aspektindən təqdim etmək cəhdi kimi də qiymətləndirilə bilər:
"İsrailin İranla real hərbi toqquşmaya gedəcəyini zənn etmirəm. Buna siyasi və hərbi olaraq münasib durum yoxdur. İrana da hazırkı situasiyada hansısa açıq birbaşa savaş lazım deyil. İraq-İran müharibəsindən sonra Tehran heç bir dövlətlə birbaşa döyüşməyib. Bu İranın üslubiyyəti deyil. Ən real halda cavab zərbəsi olaraq İranpərəst "Hizbullah" təşkilatı İsrailə bir neçə raket atacaq. Həmçinin, husilər də fəallaşacaq. Ümumiyyətlə, hər hansı bir dövlətin İsraillə açıq birbaşa müharibəyə girməsi ehtimalı sıfra bərabərdir. İsraillə ancaq assimetrik güclər müharibə aparacaq. Nə İran, nə Türkiyə, nə də heç bir ərəb ölkəsi müharibəyə girməyəcək".
Qeyd edək ki, ABŞ və İsrail İrandan mümkün hücum xəbərləri ilə əlaqədar qoşunlarını yüksək döyüş hazırlığı vəziyyətinə gətirib. "Nyu-York Times" yazıb ki, İsrail Silahlı Qüvvələri döyüş hissələrinin buraxılmasını ləğv edib. Həmçinin ehtiyatda olan bəzi əsgərlər hava hücumundan müdafiə bölmələrinə çağırılıb, GPS siqnalları bloklanıb. İki İran rəsmisi nəşrə bildirib ki, İrandakı silahlı qüvvələr də yüksək döyüş hazırlığı vəziyyətindədir.
Qeyd edək ki, 1 apreldə İsrail Dəməşqdəki İran səfirliyinin yanındakı binaya zərbə endirib, nəticədə SEPAH-ın iki generalı və 5 yüksəkrütbəli zabiti ölüb. Bu fonda da İranın qisas alacağı gözlənilir.
Rüfət Sultan