
ABŞ prezidenti Barak Obama Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanla İsrail baş naziri Binyamin Netanyahu arasında telefon danışığı baş tutduğunu açıqlayıb.
Qaynar.info-nun məlumatına görə, Ağ Evdən verilən bu məlumat Obamanın İsrail səfərinin son günündə gəlib.
Açıqlamada, "ABŞ həm Türkiyə, həm də İsraillə olan yaxın münasibətlərinə böyük önəm verir. Regional sülh və təhlükəsizliyin gücləndirilməsi üçün Türkiyə ilə İsrailin münasibətlərinin düzəlməsinə böyük önəm veririk" deyilib.
ABŞ prezidenti Obama da açıqlamasında, "Ümid edirəm Ərdoğan-Netanyahu görüşü əməkdaşlığı dərinləşdirəcək" deyib.
"Reuters"ə açıqlama verən amerikalı rəsmilərdən biri telefon danışığı zamanı Netanyahunun baş nazir Ərdoğandan üzr istədiyini və Ərdoğanın da bu üzrü qəbul etdiyini, münasibətlərin normallaşması məsələsində onunla həmfikir olduğunu bildirib.
Netanyahunun üzr istəməsini də İsrail hökuməti təsdiq edib.
Qaynar.info