Bazar günü gecə yarım milyona yaxın insan İsraildə hökumətin təklif etdiyi məhkəmə islahatlarına etiraz olaraq küçələrə çıxıb.
Qaynarinfo BBC-yə istinadla xəbər verir ki, bu, ölkə tarixində ən kütləvi etiraz
aksiyasıdır.
Təkcə Təl-Əvivdə aksiyada 200 minə yaxın israilli iştirak edib.
Ölkədəki etirazlar iki aydan artıqdır ki, səngimir. Onların iştirakçıları bəyan edirlər ki, Benyamin Netanyahunun yeni hökuməti tərəfindən qəsd edilən demokratiyanı müdafiə etməyə gedirlər. Baş nazir isə öz növbəsində israr edir ki, məhkəmələrin səlahiyyətlərini məhdudlaşdıran islahat hakimiyyətin qolları arasında balansı bərpa edəcək.
Demokratiya üçün təhlükə
İslahatın mahiyyəti məhkəmə sistemini qanunvericilik və icra instansiyalarının qərarlarına təsir etmək imkanından məhrum etməkdir. İndiyədək Ali Məhkəmə konstitusiyaya zidd hesab etdiyi qanunların qəbuluna mane ola bilirdi. Təklif olunan düzəlişlər o deməkdir ki, istənilən veto parlamentin 61 səs çoxluğu ilə ləğv edilə bilər.
Başqa sözlə, Knessetdə sadəcə olaraq əksər yerlərə sahib olan hakim koalisiya həmişə Ali Məhkəmənin vetosundan yan keçə, istənilən qanunu sərbəst şəkildə qəbul və ya ləğv edə biləcək.
"Biz terror dalğasına məruz qaldıq, iqtisadiyyatımız çökür, ölkədən pul axır. İran Səudiyyə Ərəbistanı ilə yeni müqavilə imzalayıb. Amma hökumətin etdiyi hər şey demokratiyamızı məhv etməkdən ibarətdir", - İsrail müxalifətinin lideri Yair Lapid ölkənin cənubundakı Beer Şevedə etirazçılara bildirib.
İslahatın əleyhdarları yeni düzəlişlərin İsraili nəzarət və tarazlıq sistemindən məhrum edəcəyindən ehtiyat edirlər. Jurnalistlərə müsahibə verən etirazçılar diktaturaya qarşı mübarizəyə çıxdıqlarını bildirirlər.
"Düzünü desəm, Bibiyə (Benyamin Netanyahu nəzərdə tutulur – red.) səs vermişəm, amma bütün bunların hara getdiyini təsəvvür belə edə bilməzdim. Diktaturaya? Əgər onlar [hökumət] indi öz istədiklərinə nail olsalar, ölkə tamamilə onların əlində olacaq", - Hayfa küçələrinə çıxan 50 min etirazçıdan biri - Dan Yejits deyir.
"Mən burada öz fikrimi bildirmək üçün gəlmişəm - burada qondarma qanun adı ilə qurulan diktaturaya, məhkəmə islahatlarına qarşı. Bu məhkəmə islahatı deyil, bu, İsraili tam diktaturaya doğru aparan inqilabdır və mən İsrailin mənim uşaqlarım, burada yaşayacaq nəvəm üçün demokratiya olaraq qalmasını istəyirəm, çünki İsrail demokratik ölkədir və belə də qalmalıdır”, - deyə Tamir Quytsabri Reuters agentliyinə bildirib.
"Mən məhkəmə islahatlarına qarşı çıxmaq üçün buradayam. Və bizim baş nazirimizə qarşı çıxıram. O, diktatora çevrilir və biz diktatura istəmirik. Biz demokratiyanın geri qaytarılmasını istəyirik", - digər etirazçı Miri Lahat deyir.
Alternativ etiraz
Təklif olunan məhkəmə islahatı İsrail cəmiyyətində o qədər dərin siyasi parçalanmaya səbəb olub ki, İsraildə yeni və qeyri-adi etiraz üsullarından istifadə edilir.
Keçən həftə İsrail Hərbi Hava Qüvvələrinin elit qırıcı eskadrilyasının ehtiyatda olan 40 pilotundan 37-si hökumətin hərəkətlərinə etiraz olaraq təlimləri tərk edib. Onların birgə bəyanatında deyilir ki, belə bir qərar demokratiya və İsrail xalqının birliyi naminə verilib.
Yaşı 40-dan az olan israillilərin əksəriyyəti hərbi xidmət keçmiş və hərbi bacarıqlarını yeniləmək və gücləndirmək üçün müntəzəm olaraq ehtiyatdan təlimlərə çağırılır.
Ümumilikdə ordu və xüsusi ilə ehtiyatda olanlar İsrailin təhlükəsizliyinin dayağıdır. Yenidən hazırlıq keçməkdən imtina misli görünməmiş bir haldır. Daha sonra pilotlar öz hərbi hissələrinə qayıtmağa razılaşsalar da, komandirləri ilə danışıqlar aparılmasını tələb ediblər.
Ordunun digər qüvvələrindən olan ehtiyatda olan hərbçilər hökumətin islahatlardan əl çəkməyəcəyi təqdirdə eyni addımı atmağa hazır olduqlarını bildirirlər.
Cümə axşamı etirazçılar yolları bağlayıb və Netanyahunun ölkədən uçmasına mane olmağa çalışıblar. O, son nəticədə Romaya uça bilib.
Hökumətin mövqeyi
Hökumət indiyədək etirazçılarla dialoqa hazır olduğuna dair heç bir əlamət göstərməyib.
O, məhkəmə hakimiyyətinin məhdudlaşdırılmasının xalqın iradəsi və bütün sahələrdə daha da irəliləyiş üçün zərurət olduğunu bildirir.
İslahatın tərəfdarları iddia edirlər ki, son illər mütləq hakimiyyət Ali Məhkəmənin əlində cəmlənib və xalq tərəfindən seçilən hökumət daim hakimlərin müqavimətini dəf etməyə məcbur olduğundan səmərəli işləyə bilmir.
İndiyədək hakimiyyət bəyan edirdi ki, İsrail şəhərlərinin küçələrində keçirilən etiraz aksiyaları müxalifət tərəfindən ölkədə ümumi sabitliyin pozulması naminə təşkil edilir və islahat yalnız bəhanə kimi göstərilir.
Nizami Bağırov