Dünya 11:45 07.04.2023

İsraildən cavab zərbələri: Livan və Qəzzada HƏMAS-a hücum

İsrail bu gecə Livan və Qəzza zolağında HƏMAS-ın hədəflərinə hücum edib. Bu, İsrail tərəfinin Livan ərazisindən, sonra isə Qəzza zolağından məruz qaldığı raket hücumlarına cavab olaraq baş verib.

Qaynarinfo xəbər verir ki, bu barədə "RBC-Ukrayna" yazır.

İsrailə raket hücumları bu çərşənbə axşamı başlayıb. Bu, Qüdsdəki Əl-Əqsa məscidində polislə dindarlar arasında toqquşmalar fonunda baş verib, daha sonra yüzlərlə insan həbs edilib.

Həmin gün Livandan İsrailə azı 36 raket atılıb. Bundan sonra Qəzza zolağından hücumlar başlayıb. 

Xüsusilə, cəmi bir gecədə Qəzzadan İsrailə 44 mərmi atılıb: 12-si dənizə doğru atılıb, 14-ü açıq ərazilərə düşüb və "Dəmir qübbə” hava hücumundan müdafiə sistemi tərəfindən vurulub.
 
İlkin məlumatlara görə, raket zərbələri nəticəsində iki nəfər yaralanıb.

İsrail HƏMAS-ı günahlandırır

Raket hücumlarından sonra İsrailin Müdafiə Ordusunun (İMO) sözçüsü Daniel Hagari bildirib ki, Livandan edilən raket hücumunun arxasında Qəzza zolağında yerləşən Həmas qruplaşması dayanır.

Bundan əlavə, İsrail Xarici İşlər Nazirliyi də hücumlarda HƏMAS-ı günahlandırıb.

İsrail Müdafiə Ordusu əməliyyatın başladığını rəsmən elan edib

Qeyd edək ki, İsrailin atəşə tutulması cavabsız qalmayıb. Aprelin 7-nə keçən gecə İsrail Müdafiə Ordusu Qəzza zolağında HƏMAS terror qruplaşmasının obyektlərinə zərbələr endirməyə başladığını rəsmən elan edib.

"Hazırda İsrail Müdafiə Ordusu Qəzzaya zərbələr endirir", - məlumatda deyilir.

Belə ki, İMO Qəzzanın mərkəzi, Beyt Hauni, Rəfah və Zeytun bölgəsindəki hədəflərə, o cümlədən terrorçuların tunellərə bir neçə hücumla cavab verib. Zərbələr Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr tərəfindən endirilib və Qəzza zolağının cənubundakı sakinlər bu barədə xəbərdarlıq edilib.

Daha sonra İMO Livanın cənubunda HƏMAS terror təşkilatının obyektlərinə və infrastrukturuna da hücum edib. İMO sözçüsü hücumun HƏMAS infrastrukturuna və terror obyektlərinə qarşı yönəldiyini vurğulayıb.

Nizami Bağırov