Xəbər lenti

İsrailin baş naziri ilə təkbətək görüşündə Putin nəyi etiraf edib? - NYT
Dünya08:33 18.12.2022

İsrailin baş naziri ilə təkbətək görüşündə Putin nəyi etiraf edib? - NYT

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Mart ayında Rusiya prezidenti Vladimir Putin İsrailin baş naziri Naftali Bennettlə təkbətək görüşündə etiraf edib ki, ukraynalılar ona deyilənlərdən daha güclüdür. 
Qaynarinfo bu barədə "The New York Times"a istinadən xəbər verir.
"Yəqin ki, bu, düşündüyümüzdən qat-qat çətin olacaq. Amma müharibə bizim deyil, onların ərazisindədir. Biz böyük ölkəyik və səbrimiz var", - Putin bildirib.
Nəşr yazır ki, Rusiya prezidentini tanıyan insanlar onun saysız-hesabsız insanları qurban verməyə hazır olduğunu deyirlər və keçən ay amerikalılarla nadir görüşlərin birində ruslar prezident Baydenə kəskin mesaj vermək istəyiblər.
"Döyüş meydanında nə qədər rus əsgəri öldürülsə və ya yaralansa da, Rusiya təslim olmayacaq", - mesajda deyilir.
NATO üzvlərindən biri müttəfiqlərinə xəbərdarlıq edir ki, Putin indiki itkilərindən təxminən üç dəfə çox - 300.000 rusiyalı əsgərinin ölümü və ya yaralanması ilə barışmağa hazırdır.
"The New York" Times-ın digər xəbərinə görə, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev MKİ direktoru Uilyam Börnsi Ukraynaya genişmiqyaslı işğal ərəfəsində inandırıb ki, Ukraynaya qarşı müharibə Rusiya üçün problem olmayacaq.
Bu barədə ABŞ-ın keçmiş səfiri Con Sallivan və adı açıqlanmayan ABŞ rəsmiləri nəşrə bildiriblər.
2021-ci il noyabrın əvvəlində Börns və Patruşev arasında görüşün keçirildiyi bildirilir. Görüş zamanı Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri rusiyalıya xəbərdarlıq edib ki, Ukraynaya müdaxilə olarsa, bunun Rusiya üçün nəticələri ciddi olacaq və Qərb buna qəti və yekdil cavab verəcək.
NYT ABŞ rəsmilərinə istinadən yazır ki, buna cavab olaraq Patruşev gərginləşib və Rusiya ordusunun şücaətini tərifləməyə başlayıb.
Patruşev bildirib ki, Rusiya ordusu Vladimir Putin dövründə o qədər əsaslı şəkildə modernləşib ki, indi ABŞ-la hərbi cəhətdən rəqabət apara bilərlər.
"O, sadəcə Börnsa baxdı və "Biz bunu edə bilərik” dedi. Mən bunu belə təsvir edərdim: artıq qərar verilmişdi və onlar son dərəcə əmin idilər. Onun mesajı "İstədiyimizi etmək bizim üçün problem olmayacaq" idi”, - Sallivan deyir.
Nizami Bağırov