"HƏMAS qüvvələri İsrail ərazisindən çıxarıldıqdan sonra döyüşlər dayanacaq".
Bunu Qaynarinfo-ya siyasi şərhçi Kənan Rövşənoğlu İsraillə HƏMAS qruplaşması arasında başlanan hərbi qarşıdurmanı şərh edərkən deyib.
Kənan Rövşənəoğlu bildirib ki, HƏMAS bir neçə ay əvvəldən İsrailə hücumun məşqini edirdi, ona görə də bu hücum gözlənilməz deyildi:
"Onsuz da hər il və ya iki ildən bir Qəzza və İsrail arasında hərbi qarşıdurmalar olur. Amma bu dəfə HƏMAS daha hazırlıqlı idi. İlk dəfə bu miqyasda əməliyyat baş verib. Son aylarda İsrail və fələstinlilər arasında qarşıdurmalar olurdu. Xüsusilə də bayram günlərində Əl-Əqsa məscidinə hücum edildi və ölənlər oldu. Yəqin ki, HƏMAS qüvvələri İsrail ərazisindən çıxarıldıqdən sonra döyüşlər dayanacaq”.
Ekspert İsrailin cavab tədbiri olaraq Qəzzaya daxil olmasını mümkünsüz hesab edir:
"İsrailin Qəzzaya girməsi risklidir və mən bunu real hesab etmirəm. Əlbəttə, sərhəd ərazilərə daxil ola bilərlər. Amma genişmiqyaslı hücum əməliyyatı mümkün deyil. Rəsmi olaraq heç bir kənar qüvvə yoxdur. İran zatən hər zaman HƏMAS və digər silahlı fələstinliləri dəstəkləyib, silahlandırıb. Bu dəfəki hücumda da yəqin ki, İranın rolu var”.
Həmsöhbətimiz düşünür ki, baş verən olay Ərəb-İsrail barışıq prosesinə qarşı yönəlib:
"Burada diqqətimi çəkən HƏMAS-ın əməliyyatının Ərəb-İsrail barışıq prosesinə qarşı yönəlməsi, o cümlədən, bir ay əvvəl elan olunmuş İMEC nəqliyyat dəhlizindən dərhal sonra baş verməsidir. Belə görünür ki, bu hücum həm də Ərəb-İsrail barışığını pozmağa yönəlib”.
Ekspert prosesin daha geniş masştab alacağını zənn eləmir:
"İndiki məqamda İsrailin İrana qarşı ikinci cəbhə açacağı inandırıcı deyil. Amma əlbəttə, hansısa formada cavab verməyə çalışacaq. Lakin yeni müharibənin olması bu tezliklə inandırıcı deyil”.
Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb və Əl-Əqsa əməliyyatının başladığını elan edib. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir oktyabrın 7-də ölkədə fövqəladə vəziyyətə strat verib. İsrailin baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib. İsrail ordusunun HƏMAS-a qarşı əməliyyatı "Dəmir Qılınclar” adlanırıb. Ötən gün İsrail hökuməti rəsmən müharibə vəziyyəti elan edib. Endirilən zərbələr hər iki tərəfdən çox sayda insanın ölümünə və yaralanmasına səbəb olub, mülki infrastuktura ciddi ziyan dəyib.
Rüfət Sultan