İsrailin Baş naziri Yair Lapid Xarici işlər nazirliyinə Rusiya hakimiyyətinin 1980-ci illərin sonundan yəhudilərin Rusiyadan İsrailə repatriasiyasına yardım edən Soxnut agentliyinin nümayəndəliyini ləğv etmək qərarına cavab olaraq siyasi tədbirlər paketi hazırlamağı tapşırıb.
Qaynarinfo "İsrail Hayome”yə istinadla xəbər verir ki, Knesset üzvləri şənbə günü bir araya gələrək, İsrailin Ukrayna ilə müharibə ilə bağlı mövqeyinin dəyişdirilməsi də daxil olmaqla sərt addımları müzakirə
ediblər.
Hökumətdəki mənbə iddia edir ki, İsrail nümayəndə heyəti Moskva, Sankt-Peterburq və Rusiyanın digər yeddi şəhərində fəaliyyət göstərən Soxnutun gələcəyini müzakirə etmək üçün şənbə günü Moskvaya getməyi planlaşdırıb. Amma səfər baş tutmayıb, çünki Rusiya İsrail rəsmilərinin vizalarını təsdiq etməyib.
Üstəlik, "Jerusalem Post”un yazdığına görə, Rusiya Ədliyyə Nazirliyi bir neçə yəhudi təşkilatını "xarici agent” elan etməklə hədələyib ki, bu təşkilatlar əsasən İsrail və ABŞ-dan xaricdən maliyyə vəsaiti alırlar.
"İsrail Hayome” yazır ki, həm də xarici işlər naziri postunu tutan Lapid yaxın bir neçə gün ərzində qərar verəcək və Qüds əmindir ki, təzyiq və narahatlıq yaratma Moskvaya qarşı təsirli ola biləcək yeganə yoldur.
Mümkün yollardan biri Rusiyaya qarşı sanksiyalara qoşulmaqdır, İsrailin Moskvadakı keçmiş səfiri Zvi Magen deyir.
"İsrail Ukraynadakı müharibə ilə bağlı de-fakto neytral mövqeyini dəyişə bilər. Təbii ki, bu, Rusiyanın hərəkətlərinə görə mənfi nəticələrə səbəb ola bilər, amma hər halda bu, bir variantdır. Bundan əlavə, İsrail hazırda iştirak etmədiyi Rusiyaya qarşı Qərb sanksiyalarına qoşula bilər. Moskvaya qarşı tətbiq edilən sanksiyalar BMT Təhlükəsizlik Şurasının qərarı deyil, ABŞ, Avropa İttifaqı və digər ölkələrin müstəqil təşəbbüsləridir. Ona görə də onlar İsrail üçün məcburi deyil”, - Magen bildirib.
"İsrail Hayome” görə, parlamentarilər bu məsələdə bölünüb, bəziləri isə Rusiyanın Suriyada İsrail ordusuna qarşı çıxacağından və ya hətta İrana raket texnologiyası ötürəcəyindən ehtiyat edərək, "kökə və çubuq” yanaşmasına çağırır.
Magenin fikrincə, qorxmaq lazım deyil. Onun sözlərinə görə, Kreml özü-özünü çətin siyasi və hərbi vəziyyətə salıb və bu vəziyyət Rusiyaya daha sərbəst təzyiq göstərməyə imkan verir.
"Jerusalem Post”un həmsöhbətlərinin fikrincə, Soxnutun ləğv edilməsi və ya Rusiyadan getməsi mühacirətin kəskin azalmasına səbəb olacaq. Təşkilatın Rusiya nümayəndəliklərinə hər gün repatriasiya üçün 1000-ə yaxın müraciət daxil olur.
Kreml iddia edir ki, Yəhudi agentliyinin ləğvi tələbinin beyin axını ilə heç bir əlaqəsi yoxdur. Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bunun "Rusiya qanunvericiliyinə riayət edilməsi” ilə bağlı olduğuna aydınlıq gətirib və Ədliyyə Nazirliyinə müraciət etməyi tövsiyə edib.
Bundan əvvəl İsrailin "13Reshet" kanalı iddia edib ki, dövlət qurumunun tələbi iş adamları və alimlərin İsrailə mühacirəti ilə bağlıdır, buna görə də "Rusiyanın elmi və biznes potensialı əhəmiyyətli dərəcədə azalıb".
Xatırladaq ki, Rusiya Federasiyasının Ədliyyə Nazirliyi iyulun 21-də Moskvanın Basmannı məhkəməsinə Soxnutun ləğvi ilə bağlı iddia qaldırıb. Ukrayna ilə müharibə başlayandan sonra agentlik öz xidmətlərinə tələbatın artdığını qeyd edib: 30 min rusiyalı repatriasiya üçün müraciət edib, onlardan 5 mininin müraciəti təsdiqlənib.
Nizami Bağırov