Dünya 16:44 29.10.2022

İsveç “Şimal axını”ndakı partlayışlarla bağlı yeni araşdırma başladır - Ordu cəlb olunacaq

İsveç təhlükəsizlik xidməti "Şimal axını” qaz kəmərlərində baş verən sızmalarla bağlı əlavə araşdırmaya başlayacaq. Buna ölkənin Silahlı Qüvvələri cəlb olunacaq.
 
Qaynarinfo xəbər verir ki, bu barədə İsveç prokurorluğu məlumat yayıb.

Prokurorluğun məlumatında qeyd edilir ki, oktyabrın əvvəlində Təhlükəsizlik Xidməti magistral yollarda baş verən partlayışlarla bağlı ilkin araşdırma aparıb və bunun "genişmiqyaslı təxribat” olduğu qənaətinə gəlib. Hazırda işi aparan baş prokuror Mats Lyungkvist "cinayət yeri"nin əlavə müayinəsi barədə göstəriş verib. Onun sözlərinə görə, silahlı qüvvələrin cəlb edilməsinə ehtiyac var, çünki onlar lazımi "resurs və təcrübəyə” malikdirlər.

Bu həftə İsveç hərbçiləri minaaxtaran gəmilərdən istifadə edərək sızmaların ətrafında dəniz dibinin müstəqil tədqiqinə başlayıb. "Təsdiq edə bilərəm ki, biz "HMS Belos” gəmisi ilə aparılan sualtı işlərdə prokurora dəstək veririk”, Hərbi Dəniz Qüvvələrinin sözçüsü Cimmi Adamsson bildirib.

Bir gün əvvəl "Şimal axını”nın operatoru "Nord Stream AG” qaz kəmərinə dəyən ziyanı müəyyən etmək üçün gəmi göndərib. Mütəxəssislər 3-5 gün ərzində partlayışların baş verdiyi yerə baxış keçirməyi planlaşdırırlar. Bununla belə, magistral qaz kəmərinin eksklüziv iqtisadi zonasına aid olan Danimarka hələlik belə işlərə icazə verməyib.

Danimarka və Almaniya da "Şimal axını”nda baş verən partlayışlarla bağlı öz araşdırmalarını aparır. Lakin onların hamısı Rusiyanı prosesə cəlb etməkdən imtina edirlər. Danimarka, İsveç və Almaniya da alınan məlumatları paylaşmaq istəmir.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi bu ölkələrin səfirlərinə nota verərək xəbərdarlıq edib ki, Moskva araşdırılmalara cəlb edilməsə, onların hakimiyyətlərinin "gizlətmək üçün nəsə olduğu” qənaətinə gələcək. Kreml hesab edir ki, Qərb dövlətlərinin istintaqı "məsuliyyəti Rusiyanın üzərinə qoyacaq” şəkildə "tənzimləməyə” çalışır.

Xatırladadaq ki, sentyabrın 26-da Danimarkanın Bornholm adası yaxınlığında "Şimal axını-1” və "Şimal axını-2”nin iki xəttinin təzyiqsizləşməsi baş verib. Alman müstəntiqləri müəyyən ediblər ki, hər iki qaz kəməri dörd yerdə zədələnib. Hissələrin birində dəliyin diametri 8 metr olub.

Rusiya prezidenti Vladimir Putin insidentdə "anqlo-saksonları” günahlandırıb, ABŞ, Polşa və Ukraynanı partlayışlardan faydalananlar adlandırıb. 

Təxribatla bağlı ortaq nəticəyə gələn İsveç, Danimarka və Almaniya partlayışlarda kimin əli ola biləcəyi ilə bağlı açıqlama verməyib. Bir müddət əvvəl Avropa diplomatiyasının rəhbəri Cosep Borrell bildirib ki, Aİ-nin magistral yollarda baş verən partlayışlarda şübhəlilər dairəsini müəyyən etməyə imkan verəcək heç bir sübutu yoxdur.

Nizami Bağırov