Ukrayna Silahlı Qüvvələrinin sıralarına İsveç parlamentinin keçmiş üzvü Karolin Nordenqrip də qoşulub. O, beynəlxalq legionda xidmət edir.
Qaynarinfo xəbər verir ki, Nordenqrip "Instagram" səhifəsində Ukraynanı rus işğalçılarından müdafiə etmək qərarını açıqlayıb. Qadın Ukrayna bürokratiyasından şikayətlənib, çünki o, bütün imzaları və möhürləri toplamağa üç gün sərf edib.
Keçmiş deputat sosial şəbəkədə yazıb: "Üç günlük bürokratiyadan sonra məlum oldu ki, məni nizami orduya qəbul ediblər".
Nordenqrip Ukrayna Silahlı Qüvvələri ilə müqavilə imzalayıb və indi çavuş rütbəsi ilə karyera əsgəri olacaq. O, bir saniyə belə tərəddüd etmədiyini qeyd edib.
"Beynəlxalq legion”un yeni döyüşçüsü 42 yaşındadır. O, İsveçin Vastra Gotaland qraflığının Bollebiqd bələdiyyəsindəndir. Parlamentdə sağçı İsveç Demokratlarının üzvü olub və eyni zamanda partiyanın milli Ombudsmanı vəzifəsini də icra edib.
Qeyd edək ki, müharibə başlayandan sonra bəzi əcnəbilər Ukrayna şəhərlərini işğalçılardan müdafiə etmək qərarına gəlib. Prezident Vladimir Zelenski 52 ölkədən əcnəbi döyüşçülərin daxil olduğu "Beynəlxalq legion”un yaradıldığını elan edib. Onlar Ukrayna ordusunun nizami hərbçiləri ilə birlikdə vuruşur.
Aydın