Dünya 15:31 30.09.2023

İsveçdə Türkiyəyə qarşı növbəti təxribat: Polis icazə verdi... (FOTO)

Ölkəsinin NATO-ya daxil olmasına qarşı çıxan İsveç sakini Lukas Lundqvist Türkiyənin Stokholmdakı səfirliyi qarşısında prezident Rəcəb Tayyib Ərdoğanın üzü olan kuklanın yandırılması ilə nümayiş keçirib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Aftonbladet” qəzeti məlumat yayıb.

Aksiya İsveçin Şimali Atlantika Alyansına qoşulmaq üçün müraciətini ratifikasiya edilməsi gözlənilən Türkiyə parlamentinin sesiyasının oktyabrın 1-də işə başlaması ilə bir vaxta təsadüf edib.

Qeyd olunur ki, Stokholm polisi Lundqvista aksiya keçirməyə icazə verib.

Türkiyə Xarici İşlər Nazirliyi İsveç hakimiyyətini aksiyaya icazə verdiyinə görə qınayıb və vurğulayıb ki, Ankara Şimali Avropa ölkəsindən liderlərinin sistematik şəkildə təhqir edən hərəkətlərin, həmçinin davam edən terror təbliğatının qarşısını almasını gözləyirlər.

İsveçin Şimali Atlantika Alyansına daxil olmasını təsdiqləmək üçün Türkiyə xüsusilə bu ölkənin hakimiyyət orqanlarından terrorizmlə mübarizə haqqında yenilənmiş qanunun praktikada tətbiqini və bu cür hadisələrin qarşısının alınmasını tələb edir.

Aydın