Rusiya hökumət başçısı Vladimir Putin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın komandası tərəfindən hazırlanmaqda olan Ukraynada sülh planını rədd edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında qeyd
olunur.
Bildirilir ki, Putin, Trampın komandasının müharibənin dayandırılması üçün Ukraynanın NATO-ya üzvlüyünün ən azı on il təxirə salınması təklifini birbaşa rədd edib.
26 dekabr tarixində Putin bu fikri şərh edərək bildirib ki, Ukraynanın NATO-ya "bu gün, sabah və ya 10 ildən sonra" daxil olmasının heç bir əhəmiyyəti yoxdur.
"Putinin 26 dekabr bəyanatı, onun son dövrlərdə etdiyi şərhlərin bir hissəsidir və 2021-ci ilin sonu – 2022-ci ilin əvvəlinə aid tələblərinə kompromisləri nəzərdən keçirməkdən imtina etdiyini təsdiqləyir. Bu tələblərə Ukraynanın daim neytral dövlətə çevrilməsi, NATO-ya heç vaxt daxil olmaması, Ukrayna ordusunun sayının ciddi şəkildə məhdudlaşdırılması və Ukrayna hakimiyyətinin uzaqlaşdırılması daxildir", – deyə analitiklər bildiriblər.
Əvvəllər Vladimir Putin Donald Trampla "istənilən vaxt" görüşməyə hazır olduğunu bəyan edib. Onun sözlərinə görə, Ukrayna ilə də "danışıqlara və kompromislərə" hazırdır.
Donald Tramp isə bildirib ki, Putin onunla "mümkün qədər tez" görüşməyi gözləyir: "Buna görə də, biz bunu gözləməliyik, müharibəni bitirməliyik".
Eyni zamanda, ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfol Trampın Zelenski və Putini danışıqlara necə cəlb edə biləcəyini izah edib.
"Putin ciddi danışıqları yalnız Rusiya ordusu Ukraynanın daha çox ərazisini ələ keçirmək iqtidarında olmadıqda və ya, hərçənd bu, daha az ehtimal olunur, Rusiya əsgərlərinin mövqelərini itirməyə başladığı zaman aparacaq", – deyə siyasətçi izah edib.
Alpər
Şərhlər