Vladimir Putinin "canlı bağlantısı” 2022-ci illə müqayisədə onun ritorikasında əhəmiyyətli dəyişiklik olduğunu göstərir: o zaman müharibə ilə bağlı bəyanatlar verməkdən və müzakirələrdən çəkindiyi halda, indi Ukraynada ərazi iddialarını genişləndirmək üçün kifayət qədər inamlı görünür.
Qaynarinfo xəbər verir ki, bu, Müharibə Tədqiqat İnstitutunun yeni
hesabatında bildirilir.
ISW analitikləri Vladimir Putinin dekabrın 14-də "canlı bağlantı”da səsləndirdiyi bəyanatlarını təhlil edərək aşağıdakı qənaətlərə gəliblər:
• Rusiya prezidenti müharibəni açıq şəkildə müzakirə edərkən "hədsiz inam" nümayiş etdirib, lakin Rusiyanın 2022-ci il fevralın 24-də başladığı genişmiqyaslı işğalın mümkün nəticələrini dəqiq müəyyənləşdirməyib.
• Putin Rusiyanın Ukraynaya qarşı müharibəsini yüksək səviyyəli ictimai tədbirlərdə müzakirə etməkdən çəkindiyi 2022-ci ildən fərqli olaraq, bu dəfə işğal haqqında son iki il ərzində verdiyi əvvəlki bəyanatlarından qat-qat daha açıq və geniş danışmaq üçün "canlı bağlantı”dan istifadə edib. O, xüsusilə, Ukraynadakı "məqsədlərinə” toxunub, cəbhədəki konkret əməliyyat-taktiki vəziyyətləri xatırladıb, Rusiya hərbçilərinin və könüllülərinin konkret narahatlıqlarına nümayişkaranə şəkildə "reaksiya” verib.
• Putinin "canlı bağlantı”sının əhəmiyyətli bir hissəsini Ukraynaya qarşı müharibə mövzusuna yönəltmək istəyi, ISW ekspertlərinin fikrincə, onun Rusiya ictimaiyyəti ilə bu mövzuda danışmaq qabiliyyətinə artan inamını göstərir və bundan əlavə, işğalçıların Zaporojye bölgəsində nisbətən uğurlu müdafiə əməliyyatlarından sonra və Qərbdə Ukraynaya dəstək ilə bağlı ehtimal olunan problemlər fonunda Rusiyanın Ukraynaya təcavüzünün perspektivlərinə şəxsi inamını ifadə edə bilər.
• Eyni zamanda, Putin müharibəyə yeni yanaşma təklif etməyib: o, Rusiyanın Ukraynada necə "qələbə” əldə edəcəyini təsvir etməyib və bunun nədən ibarət olacağını açıqlamayıb. O, Rusiyanın sözdə nəyə nail olmaq niyyətində olduğunu təsvir etməyib. Buna görə də Putinin dekabrın 14-də verdiyi bir çox bəyanatlar, onun, məsələn, təxminən bir il əvvəl Rusiya Müdafiə Nazirliyinin kollegiyasının iclasında çıxışı zamanı Ukraynadakı müharibə ilə bağlı səsləndirdiyi tipik bəyanatlarına bənzəyib.
• Maksimalist müharibə məqsədlərini təkrarlamaqla (denazifikasiya, demilitarizasiya, Ukraynanın neytral statusu) Putin, yəqin ki, indi və ya sonra nail olmaq istədiyi əlavə məqsədləri daxil etmək üçün onları qəsdən qeyri-meyyən şəkildə ifadə edir. Xüsusilə, o, Ukrayna Silahlı Qüvvələrində hansı dəyişikliklərin "demilitarizasiya” olacağını heç vaxt açıqlamayıb, baxmayaraq ki, Rusiyanın məqsədi demək olar ki, Ukraynanı özünü müdafiə vasitələrindən məhrum etmək və Kreml istədiyi zaman Rusiyanın Ukraynaya öz iradəsini zorla tətbiq etməyə imkan verməkdir, - ISW bildirir. "Denasifikasiya” çağırışı açıq-aydın Ukraynada qanuni hökumətin dəyişdirilməsi çağırışı olaraq qalır, "bitərəflik” isə açıq şəkildə Ukrayna Konstitusiyasına Aİ və NATO-ya üzvlük arzularından imtina etmək öhdəlikləri ilə bağlı dəyişiklikləri nəzərdə tutmalıdır. ISW qiymətləndirməyə davam edir ki, Putinin bəyan etdiyi məqsədlərin həyata keçirilməsi Ukrayna və Qərbin tam təslim olmasına bərabərdir.
• Kremlin maksimalist məqsədləri də nə Ukraynada əlavə ərazi işğalını, nə də artıq ələ keçirilmiş Ukrayna ərazilərinin işğalını və ilhaqını istisna etmir. ISW müşahidələrinə görə, Moskva genişmiqyaslı işğaldan əvvəl olan ekspansionist ritorikaya qayıdır. Bu ritorika Rusiyanın gələcək ekspansiyasına heç bir məhdudiyyət qoymur və məqsəd Putinə Ukraynada öz bildiyi kimi yeni ərazi hədəfləri seçməsinə imkan vermək ola bilər. Xüsusilə, Putinin Rusiyanın guya tarixən bütün Qara dəniz bölgəsinə nəzarət etdiyini və buna görə də onun (Krımı da daxil olmaqla) Ukrayna ilə guya "ortaq heç bir şeyin olmadığını” birbaşa ifadəsi buna işarə edir. Bu, Kremlin təkcə işğal olunmuş Krım və Xerson vilayətinə deyil, həm də Nikolayev və Odessa vilayətlərinin əhəmiyyətli hissələrinə iddiası deməkdir. Putinin Ukraynanın guya "rusiyayönümlü” cənub-şərqinin – dekabrın 14-də də "Rusiya üçün vacib” kimi qeyd etdiyi ərazinin sərhədlərini necə gördüyü də aydın deyil.
• Putinin də vurğuladığı Rusiyanın qeyri-müəyyən "suverenliyi” konsepsiyası getdikcə Rusiyanın Ukraynadakı mühüm strateji hədəfləri ilə sinonimləşir. ISW xatırladır ki, Rusiya Federasiyasının milli təhlükəsizlik strategiyası Rusiyanın "xaricdəki həmvətənlərinin hüquqlarını müdafiə etmək hüququnu” müəyyən edir. Bunu da Moskva qəsdən ən geniş mənada etnik ruslar və xaricdəki rusdillilər kimi müəyyən edir.
• Putin həmçinin Rusiya ictimaiyyətini Rusiya iqtisadiyyatının beynəlxalq sanksiyalar və Ukraynadakı müharibənin nəticələri qarşısında dayanıqlı olduğuna inandırmağa çalışıb.
• Rusiya prezidenti İsrail-Həmas müharibəsi ilə bağlı getdikcə daha çox anti-İsrail mövqelərini ifadə etməyə davam edir və bu, çox güman ki, Rusiya-İsrail münasibətlərinin pisləşməsinə işarə edir.
• Putin bəyanatlarında Ermənistan-Rusiya münasibətlərinin pisləşməsində rolunu azaltmağa və Ermənistanın "Dağlıq Qarabağı” (dırnaq işarəsi redaksiyadandır) itirməsinə görə Rusiyanın "sülhməramlı qüvvələrini” istənilən məsuliyyətdən azad etməyə çalışıb.
ISW analitikləri Putinin Ukraynada Rusiya qoşunlarının sayına dair sözlərinə xüsusi diqqət yetiriblər. Onun sözlərinə görə, döyüş bölgəsində guya 617 min rusiyalı əsgər var. Bu rəqəm əvvəlki digər hesablamalardan xeyli yüksəkdir və Ukrayna kəşfiyyat rəsmilərinin 2023-cü ilin sentyabrına qədər Ukraynada təxmin etdiyi 420 min əsgərdən əhəmiyyətli dərəcədə fərqlənir. ISW ehtimal edir ki, belə rəqəmləri Putin Rusiyada yeni səfərbərlik dalğası ilə bağlı davamlı qorxuları aradan qaldırmaq, Qərbi və Ukraynanı ruhdan salmaq məqsədilə qəsdən açıqlayıb.
İnstitutun ekspertləri xatırladırlar ki, Rusiya hakimiyyət orqanları tez-tez "döyüş zonası” və "xüsusi hərbi əməliyyat zonası” ifadələrini istifadə edir ki, bunlara Ukraynanın işğal olunmuş ərazilərində və Rusiyanın özündə də arxa cəbhə ərazilər daxil ola bilər. Bundan əlavə, Putinin təxmininə (böyüdülə bilər) səfərbər edilmiş qüvvələr, müqaviləli əsgərlər və cəbhə xəttində və arxa cəbhədə fəaliyyət göstərən "könüllülər" kimi bütün hərbi personal daxil ola bilər. Eyni zamanda, 600 min nəfərdən çox olan qruplaşmanın xatırladılması onu göstərə bilər ki, Ukrayna hərbçiləri işğalçıların hücum əməliyyatlarını dəf edir və əks-hücum əməliyyatları keçirir, əvvəllər bildiriləndən daha çox düşmən qüvvəsinə qarşı fəaliyyət göstərir.
ISW Putinin Xerson vilayətinin sol sahilindəki taktiki və əməliyyat vəziyyətinə toxunduğuna, lakin Rusiyanın Ukraynanın şərqindəki hücum əməliyyatlarını müzakirə etməkdən çəkindiyinə də diqqət çəkib. ISW analitiklərinin fikrincə, xüsusilə, onun Krınki yaxınlığındakı Ukrayna plasdarmının əhəmiyyətini azaltmaq cəhdləri və cəbhənin digər sektorunu müzakirə etməmək qərarı rusiyalıların Ukrayna Silahlı Qüvvələrini Dnepr çayının sol sahilindən geri çəkə bilməməsinin Rusiya informasiya məkanında əsəbi mövzuya çevrilməsi ilə bağlı Putinin həssaslığını əks etdirə bilər. ISW hesab edir ki, Putinin cəbhədəki problemləri və ümumən Rusiya hərbi əməliyyatlarını ictimai müzakirəsi müharibə problemləri ilə bağlı ictimaiyyətin qəzəbini Rusiya Müdafiə Nazirliyinə yönəldə bilər. Putin əvvəllər mütəmadi olaraq saatlarla davam edən illik "canlı bağlantı”dan "səriştəsiz, korrupsioner və həddən artıq bürokratik Rusiya məmurları ilə sadə rusiyalıların problemlərini tez həll edə bilən bacarıqlı və qayğıkeş lider” arasındakı uçurumu nümayiş etdirmək üçün istifadə edirdi. Bu dəfə Putinin guya canlı auditoriya qarşısında açıq şəkildə həll edə bildiyi bu çox şəxsi yardım çağırışları formatı rusiyalı hərbçilərin və cəbhədə könüllülərin üzləşdiyi konkret problemlərə (xüsusilə söhbət dronlar, güzəştlər və s. məsələlərdən gedib) tətbiq edilib. ISW qeyd edir ki, buna görə də, sonda indiki tədbir, təsadüfən və yox, Müdafiə Nazirliyini "səriştəsiz, korrupsioner və həddən artıq bürokratik” struktura çevirdi – bu xüsusiyyətlər həm Rusiya hərbi müxbirlərinin, həm də ultramillətçi bloqqerlərin tez-tez şikayət etdikləri xüsusiyyətlərdəndir. Müharibənin Tədqiqi İnstitutu ehtimal edir ki, Putin prezidentlik kampaniyası zamanı Rusiyanın uğursuzluqlarına və müharibə ilə bağlı problemlərinə görə məsuliyyəti Rusiya Müdafiə Nazirliyinin üzərinə qoymaq niyyətində ola bilər. Lakin o, bunu etməklə Müdafiə Nazirliyinə qarşı "Vaqner” qiyamına səbəb olan eyni geniş yayılmış əhval-ruhiyyəni gücləndirmək riskini daşıyır.
Nizami Bağırov