Rusiya rəsmiləri NATO ölkələrinə qarşı dezinformasiya narrativlərini fəal şəkildə yaymağa başlayıblar. Analitiklərin fikrincə, bu, Kremlin NATO-nun şərq cinahında hərbi mövcudluğunu artırmaq planlarının göstəricisi ola bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında
deyilir.
Məlumata görə, Rusiya Belarusda daimi hərbi bazalarını genişləndirməyə hazırlaşır. Moskva bununla Finlandiya və Baltikyanı ölkələrə təzyiq göstərməyi hədəfləyir.
ISW vurğulayır ki, Kreml nümayəndələri NATO əleyhinə təbliğatı gücləndirib. Məsələn, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev NATO-nu "dövlətlərarası münasibətlərdə əsas alət kimi təhdidlərdən istifadə etməkdə” ittiham edib. O, həmçinin bildirib ki, Böyük Britaniya NATO daxilində Rusiya ilə Ukrayna arasında sülh danışıqlarını pozmağa çalışır. Patruşev iddia edir ki, Finlandiya əhalisi Rusiya ilə dost münasibətlərin tərəfdarıdır, lakin ölkənin rəhbərliyi bunun əksini edir. ISW xatırladır ki, Rusiya rəsmiləri 2022-ci ildə Ukraynaya müdaxilə etməzdən əvvəl də oxşar iddiaları yayırdı.
Bundan başqa, ISW analitikləri hesab edirlər ki, Putin Səudiyyə Ərəbistanında keçirilən görüşdə ABŞ və Ukraynanın müzakirə etdiyi atəşkəs təklifini dolayı yolla rədd edib. Onun irəli sürdüyü alternativ plan ABŞ prezidenti Donald Trampın mövqeyinə ziddir. Analitiklər qeyd edirlər ki, Putinin təklifi Rusiyaya üstünlük qazandıracaq və Kremlin əlverişli şərtlərlə döyüşləri bərpa etməsinə imkan yaradacaq.
Məruzədə həmçinin bildirilir ki, Rusiya qoşunları Ukraynanın müdafiə qüvvələrini Sudca şəhərindən sıxışdırıb çıxarmağa davam edir, lakin Kursk vilayəti istiqamətində irəliləyiş yavaşıyıb. Eyni zamanda, Ukrayna ordusu Pokrovsk yaxınlığında müəyyən mövqeləri ələ keçirib. Rusiya qoşunları isə Sumı vilayətində, eləcə də Lıman, Seversk və Toretsk ətrafında irəliləyib.
Alpər
Şərhlər