"Adelphi” Universitetinin əməkdaşları Yunanıstanın Tasos adasında 4-7 əsrlərdən etibarən Proto-Bizans dövründə yaşayan Roma süvari oxatanlarının qalıqlarını tapıb. Sümüklərin müayinəsi onların yaşadığı vaxt aldığı xəsarətləri, xüsusi fiziki fəallıqları və hətta beyin əməliyyatının ən qədim sübutlarının izlərini üzə çıxarıb.
Qaynarinfo xəbər verir ki, müəlliflər öz tapıntıları haqda "Archaeopress” nəşriyyatının çap etdiyi bir monoqrafiyada məlumat veriblər.
"Həm kişilərin, həm də qadınların skelet və anatomik xüsusiyyətləri həyatlarının fiziki yük baxımından çətin keçdiyini göstərir", - monoqrafiya müəllifi, "Adelphi” Universitetinin tarixi şöbəsinin antropologiya professoru Anaqnostis Aqelarakis deyib. - Həm kişi, həm də qadınların aldığı çox ciddi xəsarət halları travmatologiya sahəsində böyük təcrübəsi olan çox peşəkar bir cərrah tərəfindən müalicə edilib. Hesab edirik o, hərbi həkim olub".
Alimlər on nəfərin - dörd kişi, altı qadının qalıqlarını aşkar edib. Aşkar edilmiş qalıqların yaxşı qorunması və basdırıldığı kilsənin memarlığı bu insanların tədqiq olunan bölgədə yüksək statusa sahib olduqlarını göstərir. Ancaq alimləri ən çox beyin əməliyyatının izlərinin tapılması təəccübləndirib.
Arxeoloqlar aşkar edib ki, qalıqları tapılan kişilərdən birinin üzərində tibbi təhlillərə görə, qoyulan proqnozun çox zəif olmasına baxmayaraq, mürəkkəb beyin əməliyyatı keçirilib. Cərrahların iştirakı ilə aparılan analiz nəticəsində elm adamları əməliyyatın ehtimal olunan bir infeksiya yoluxmanın nəticəsində aparıldığını, ancaq xəstənin əməliyyatdan qısa müddət sonra və ya əməliyyat zamanı öldüyünü təsbit edib.
Tədqiqatçıların fikrincə, bu, qədim dünyada aparılan ən mürəkkəb əməliyyatın sübutudur. Ancaq cərrahın bütün gücüylə həmin adamı sağaltmağa çalışdığı görünür ki, bu da xəstənin həmin bölgədə kifayət qədər nüfuzlu bir insan olduğunu göstərir.
Alpər