Qaynarinfo "Politico" saytından Jami Detmerin Ukraynanın silahlanması ilə bağlı yazısını təqdim edir:
Müttəfiqlərinin qətiyyətsizliyi ölkəni Rusiyanın xeyrinə olan uzun sürən tükəndirmə müharibəsinə məhkum edə bilər.
Bu yaxınlarda Rusiyadakı qanlı vətəndaş müharibəsində Ağ Qvardiyanın tərəfində dayanan beynəlxalq güclərin niyə nəticəyə təsir edə bilmədiyi sualına cavab olaraq, hərbi tarixçi Antoni Bevor qeyd edib ki, Qərb "qərar verə bilmədi” - bolşeviklərin rəqiblərinin beynəlxalq dəstəkçiləri parçalanmış və tərəddüd içində idilər.
Kazakların və Ağ Qvardiyanın Rusiyanın cənubunda məğlub olmasının digər əsas səbəbi onların təchiz edilməsindəki çətinlik idi. "Qırmızılar daxili xətlərlə təchizatda böyük üstünlüyə malik idi", - Bevor BBC-nin "Tarix" jurnalına deyib.
1919-cu ilin sonunda İngiltərənin o zamankı Müharibə üzrə dövlət katibi Uinston Çörçilin məyusluğuna səbəb olaraq bolşevikləri xilas edən də məhz bu olub. "Mən buna inana bilmirəm. Qırmızılar tam geri çəkilmişdilər və indi birdən sanki bütün cəbhələrdə ağları məğlub edirlər. Nə baş verdi?" - əsəbiləşmiş Çörçil bir xatirəsində qeyd edib.
Bu gün biz bir çox səbəbə görə oxşar bir dönüşün astanasındayıq.
Rusiya qüvvələri ukraynalıları bütün cəbhələrdə məğlub etmir, lakin onlar indi özlərinin xeyrinə olan hərbi kampaniya aparırlar. Bir çox Qərb hərbi strateqləri pis hazırlaşdıqları daha böyük və hədsiz iddialı hücumdan əvvəl rusların belə bir kampaniyaya başlayacaqlarını gözləyirdilər. İndi Ukraynanın şərqində Donbas bölgəsindəki nəzarət etdikləri əraziləri genişləndirməyə və materik Ukrayna ilə Krım arasında quru körpüsünü möhkəmləndirməyə fokuslanan Rusiya qüvvələri yavaş-yavaş öz qazanclarını artırır.
Bu gün ukraynalıların dağılmış Ağ Qvardiyanın sahib olmadığı üstünlükləri var. Onlar birləşib və doğma məkanı müdafiə edirlər. Hələ də kiçik miqyaslı komando əks-hücumları və onsuz da zəif motivasiya olunmuş rus qoşunlarını ruhdan salan çevik hücüm taktikalarına əsaslanan Kiyevin uğurlu və improvizə edilmiş müdafiəsinə sevinirlər.
Amma ölkənin özünə inamı sarsılmağa başlayır.
Belə görünür ki, Rusiya əhəmiyyətli hərbi dönüş yarada bilir. Münaqişə Rusiya qüvvələri üçün daha asan təchizat xətləri ilə aparılan tükəndirmə müharibəsinə çevrilib; Moskva yavaş-yavaş da olsa, cəbhə xəttində davamlı ərazi əldə edir və Qərbin sanksiyaları hələ ki Rusiyada müharibəyə qarşı daxili narazılığı artıra bilmir.
Ukrayna da sınıb və Qərb rəsmilərinə görə, indi Rusiya ilə eyni sürətlə artan itkilər verir. Ötən həftə Ukrayna rəsmiləri etiraf ediblər ki, Donbasda hər gün döyüşlərdə 150-yə yaxın ukraynalı əsgər ölür, 800-ə yaxın əsgər isə yaralanır.
Onları əvəz etmək olar – Ukraynada vətənpərvər əvəzedicilər az deyil – lakin itkilərin çoxu təcrübəli döyüşçülərdir. Bu həftə sonu anonimlik şərti ilə danışdığım ukraynalı komandirlər etiraf edirlər ki, Ukraynanın vura bildiyi 25 kilometr məsafədən təxminən 10 dəfə çox uzun məsafədən vura bilən Rusiyanın intensiv artilleriya bombardmanları sayəsində orduda ruh halı çökməyə başlayıb və yorğunluq artır.
Əgər biz bu münaqişənin Avropanın Ukraynaya ictimai və siyasi dəstəyini sarsıtmaq riski daşıyan Rusiyanın lehinə tükəndirmə müharibəsinə çevrilməsini istəmiriksə, Kiyevin Qərb müttəfiqləri səylərini artırmalı və döyüş meydanında gücləri bərabərləşdirmək üçün daha çox uzaqmənzilli silah sistemləri təqdim etməli olacaqlar. Rusiyanın işğalından qısa müddət sonra Kiyevi təhdid edən rus zirehli kolonnalarını dəf etməyə kömək edən tank əleyhinə raketlərlə təmin etdikləri kimi.
Ukraynalıların 152/155 mm-lik artilleriya qurğuları və çoxillik "Qrad” reaktiv yaylım atəşi qurğuları var ki, bu Rusiyanın təxminən 300 kilometr aralıdan atıla bilən "İsgəndər” taktiki ballistik raketləri və ya Ukraynalıların hazırda çata biləcəyi məsafədən iki dəfə uzaqdan buraxıla bilən BM-30 "Smerç” reaktiv yaylım atəşi sistemləri və Sovet dövrünə aid "Toçka" taktiki ballistik raket sistemləri ilə uyğun gəlmir.
Bu ay Böyük Britaniya və Birləşmiş Ştatlar ukraynalıların çox ehtiyac duyduğu bəzi silah sistemlərini tədarük etmək barədə razılığa gəliblər. Britaniya bir dəqiqədən az müddətdə 80 kilometr məsafəyə 12 raket atmağa qadir olan M270 çox buraxılışlı raket sistemlərini tədarük edəcək, Vaşinqton isə onlara ekvivalent HIMARS göndərəcək.
Kraliyyət Birləşmiş Xidmətlər İnstitutundan Sem Kranni-Evansın sözlərinə görə, bu artilleriya sistemləri, şübhəsiz ki, Ukraynanın müdafiəsini gücləndirəcək, lakin onların faktiki təsiri silahların sayından, tədarük edilən sursatların miqdarından və ukraynalıların onlardan istifadəyə nə qədər tez öyrədilməsindən asılı olacaq.
Ukrayna komandirləri isə göndərilməsi nərəzdə tutulan sistemlərin sayından artıq məyusdurlar - Böyük Britaniyadan 3, ABŞ-dan isə 4.
Deyirlər ki, bu kifayət deyil, rusları geri çəkmək bir yana, saxlamaq üçün daha çox şey lazımdır. Onlar həmçinin Rusiyanın Qərbdən gətirilən materialların saxlandığı anbarları vurduğu kimi
Ukraynanı Rusiyanın logistikasını pozmaq imkanından məhrum edən Qərbin silahlardan istifadə şərti ilə razılaşmaq məcburiyyətində olduqları üçün məyusdurlar.
Bir həftə əvvəl Rusiya Şərqi Avropadan göndərilmiş və Kiyevdə park edilmiş tankları, eləcə də şəhərdəki qatar təmiri anbarını vurub - bir aydan sonra ilk dəfə Ukrayna paytaxtı vurulurdu. Rusiya prezidenti Vladimir Putin və onun köməkçiləri, o cümlədən xarici işlər naziri Sergey Lavrov, Qərb uzaqmənzilli raket sistemlərini tədarük edəcəyi halda, "hələ vurmadığımız obyektlər” də daxil olmaqla, daha çox logistika hədəflərinin vurulacağı barədə xəbərdarlıq ediblər.
Bəzi rəsmilər etiraf edirlər ki, Qərbin nəyi və nə vaxt çatdırmaq, eləcə də döyüş qaydaları ilə bağlı tərəddüdünün arxasında belə təhdidlər dayanır.
Lakin ABŞ ordusunun Avropadakı keçmiş komandanı Ben Hodges gileylənir ki, Qərb müttəfiqləri arasında silah təchizatı ilə bağlı daxili mübahisələr səbəbindən çox vaxt itirilir. O, şənbə günü Tvitter hesabında yazıb: "Əgər biz Ukraynaya "qalib gəlməyə” kömək etmək niyyətindəyiksə, o zaman sısqa dəstək verməkdən əl çəkin. Bunun əvəzinə növbəti aylarda tələbləri təxmin edərək onu təmin edin.
Əsgərləri öyrətmək üçün nə qədər vaxt lazım olduğuna dair bəhanələr eşitməkdən yoruldum. Onları indi məşq edirməyə başlayın. Öyrənəcəklər!”
Ancaq bunun baş verməsi üçün Qərb gücləri nəhayət qərarlarını verməli və tez hərəkət etməli olacaqlar - ya da Ukraynanı Rusiyanın xeyrinə olan uzun sürən tükəndirmə müharibəsinə məhkum edəcəklər.
Tərcümə: Nurlan Hüseynov